Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi nə vəd edir? - Siyasət
Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi nə vəd edir?
30 Avqust 2019 12:14 SiyasətBununla ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulacaq
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni tərəfdaşlıq sazişinin bağlanması ilə əlaqədar danışıqlar davam etdirilir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirlib ki, yeni bir razılaşma üzərində iş telekonfranslar vasitəsilə davam edir. Sentyabrın əvvəlində sazişin institusional və ticarət fəsillərində bir neçə video konfransın keçirilməsi planlaşdırılır. Təşkilat qeyd edib ki, danışıqların növbəti raundu barədə qərar bu videokonfranslardan sonra veriləcək. Maraqlıdır, yeni sazişdə hansı məsələlər əksini tapa bilər? Xatırladaq ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyası və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəyə Azərbaycanla hərtərəfli razılaşma əsasında Aİ və üzv ölkələr adından danışıqlar aparmaq üçün mandat verib. Hazırda AB ilə Azərbaycan arasında ikitərəfli münasibətlər 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında tənzimlənir. Yeni saziş AB və Azərbaycanın bu gün qarşılaşdığı ümumi məqsəd və problemlərin daha çox nəzərdən keçirilməsinə imkan yaradan 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini əvəz etməlidir. Hesab olunur ki, yeni Saziş Avropa Qonşuluq Siyasəti İnstitutunun sənədində 2015-ci ildə təsdiq edilmiş prinsiplərə cavab verəcək və Aİ ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün əhəmiyyət kəsb edəcək. Yeni saziş Azərbaycan qanunvericiliyinin və prosedurlarının ən vacib beynəlxalq və ticarət normalarına və Aİ standartlarına yaxınlaşmasını nəzərdə tutur ki, bu da Azərbaycan məhsullarının AB bazarlarına daha asan çıxmasına səbəb olacaq.
Xatırlatmaq yerinə düşərdi ki, 2015-ci ilin sentyabrında Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə qərəzli və əsassız qətnamələrin qəbul edilməsi ilə Azərbaycan və Aİ münasibətlərində müəyyən müddət ərzində durğunluq yaranmışdı. Belə ki, Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsinə rəsmi Bakı ciddi etirazını bildirərək, özünəməxsus qətiyyət nümayiş etdirmişdi. Bu ədalətsiz münasibətə qarşı rəsmi Bakı, Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqun dayandırılması haqda qərar qəbul etmişdi. Lakin, Avropa Parlamentinin müraciətinə əsasən Azərbaycan Aİ ilə əməkdaşlığının parlamentlərarası ölçüsünün tam bərpasına razılıq verdi. Bunun davamında, 2016-cı ilin sentyabrında Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər etdi. Münasibətlərdə yaranmış bu durğunluq 2017-ci ildə yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesi ilə dinamik vüsət aldı. Münasibətlərin bu cür dinamikası tərəflər arasında etimadın, qarşılıqlı anlayışın və hörmətin daha da inkişaf etdirilməsini qoruyub saxlamağa və möhkəmləndirməyə kömək etmiş oldu.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə üstünlük verir. Yeni hərtərəfli saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edəcək. 2015-ci ilin may ayında "Şərq Tərəfdaşlığı" üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim edib. Azərbaycan və Aİ sözügedən Saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurub. Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək məqsədi ilə 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni sazişə dair danışıqlara başlayıb. Bu istiqamətdə Azərbaycan və Aİ münasibətlərin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələləri açıq dialoq formatında uğurla dəvam etdirirlər. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni siyasi mərhələ və hüquqi əsas olacaq.
2017-ci il noyabrın 24-də Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin sammiti keçirilib. Prezident İlham Əliyev həmin sammitdə iştirak edib və Azərbaycan, eləcə də digər "Şərq Tərəfdaşlığı" ölkələri üçün önəmli və əhəmiyyətli olan məsələlər müzakirə olunub, Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsi imzalanıb. Aİ və ŞT ölkələri liderləri 2020-ci ilə qədər 20 konkret məqsəd üzərində işi davam etdirmək barədə razılığa gəliblər. 2017-ci il 24 noyabr tarixində Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan Respublikası daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin vurğulanması ilə Azərbaycanın növbəti diplomarik nailiyyəti kimi dəyərləndirilir. Danışıqlar prosesinin davamı olaraq 2018-ci ilin əvvəllərində Aİ ilə yeni saziş üzrə danışıqların növbəti mərhələsinə strat verilib.
Avropa İttifaqının Azərbaycanla ikitərəfli münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan qanunvericiliyi və prosedurlarının Aİ-yə, eləcə də ticarətlə bağlı beynəlxalq qanunlar və standartlara tədricən uyğunlaşdırılmasına imkan verir. Azərbaycanla Avropa ittifaqı bir-birinin maraq dairəsindədirlər. Beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirən Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr vəd edir. Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Aİ Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. Hazırda Azərbaycan Aİ-nin təbii qaz ehtiyacının təxminən 5 faizini təmin edir. Azərbaycan Xəzərin təbii qaz resurslarını Aİ bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəql edir. Aİ isə böyük neft-qaz resursları olan tərəfdaşla əlaqələrini gücləndirmək istəyindədir. Bunun qarşılığında isə Azərbaycan dövləti xüsusi həssaslıq tələb edən məsələlərdə-Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmasında real addımlar gözləyir. Ümumilikdə bu sazişlə Aİ ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin əsası qoyulacaq.
Alim