Nikol Paşinyanın son dövrlərdəki bəyanatı onun mövqeyinin zəiflədiyini göstərir -PROBLEM
Nikol Paşinyanın son dövrlərdəki bəyanatı onun mövqeyinin zəiflədiyini göstərir
29 Avqust 2019 13:27 SiyasətAydın Mirzəzadə: "Paşinyan hakimiyyətinin zəiflədiyini hiss etdiyindən, ona görə də Ermənistan cəmiyyətinin milli hissləri ilə oynamağa, guya Dağlıq Qarabağ probleminin həllində mövqeyinin güclü olduğunu göstərməyə çalışır"
Beynəlxalq cəzasızlıq sindromu və Azərbaycanın sülhpərvər, humanist siyasətindən sui-istifadə edən Ermənistanın inqilabçı hakimiyyəti yenidən öz sərt ritorikasını ortaya qoyur, Dağlıq Qarabağ probleminin həllində kompromisə meyilli görünmür. Əksinə Ermənistan rəhbərliyi bir qədər də aqressiya, qeyri-konstruktiv mövqe sərgiləyir. Ay ərzində işğalçı ölkənin baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlar, işğal altında olan Dağlıq Qarabağa səfərləri və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə açıqlamaları fonunda bunu aydın şəkildə görürük. Burada təəssüfedici məqam ondan ibarətdir ki, Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi sərt ritorika, eyni zamanda Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi kimi sərsəm bəyanatlara beynəlxalq aləm, eləcə də Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu səssizlik nümayiş etdirir, rəsmi İrəvana beynəlxalq hüquq və nornaları kobud şəkildə pozduğuna görə heç bir cəza tətbiq etmir. Bu isə öz-özlüyündə Ermənistanı daha da aqressiv olmağa meyilləndirir.
Ermənistan hakimiyyətinin son zamanlar sülh prosesinə zərbə vurmaq cəhdləri və ortaya qoyduğu sərt ritorikaya diqqət çəkən ekspertlər isə hesab edirlər ki, bu Paşinyan hakimiyyətinin daxili auditoriyaya hesablanmış gedişidir və inqilabçı baş nazir getdikcə zəifləməkdə olan nüfuzunu qaldırmaq üçün bu cür populust açıqlamalar verir.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, Nikol Paşinyanın bu cür aqressiv münasibət sərgiləməsi bir neçə faktorlarla bağlıdır. Millət vəkilinin sözlərinə görə, Ermənistan min illər sonra təsadüfən müstəqil dövlət oldu, ancaq öz dövlətçiliyini beynəlxalq hüquq nornmalarına uyğun şəkildə qurmaq əvəzinə, orta əsrlər təfəkkürü ilə qonşu ölkələrin torpaqlarına iddia etdi: "Azərbaycan torpaqlarının bir hissəsini işğal edərək özünü təcrid siyasətini yeritdi. Bu gün Ermənistan regional iqtisadi əməkdaşlıqdan geridə qalıb. Ermənistanın 4 qonşusunun ikisi ilə sərhədləri bağlıdır. Bu isə Ermənistanın iqtisadi cəhətdən zəifləməsi, əhalisinin ölkədən köçməsinə, özünün müstəqil, güclü bir dövlət qurmaq istəyinin zəifləməsinə səbəb olur". Aydın Mirzəzadə deyib ki, Nikol Paşinyan Sərkisyan hakimiyyətinin apardığı sərt siyasətə Ermənistan cəmiyyətinin etiraz dalğası nətiəsində gəlsə də, lakin hakimiyyəti dövründə heç bir uğura imza ata bilmədi: "İnsanlar yaxşı yaşamaq, problemlərinin həllinə nail olmaq istəklərini bildirdilər. Lakin Nikol Paşinyan bu arzuları həyata keçirə bilmədi. Bir il ərzində Ermənistanda heç nə dəyişmədi, əksinə vəziyyət daha da pisləşdi. Hətta Ermənistanın ən böyük müttəfiqi olan Rusiya Federasiyası ilə münasibətləri pisləşdi. Bu isə əlbəttə ki, Ermənistan cəmiyyətində öz əks-sədasını verir". Aydın Mirzəzadə deyib ki, Nikol Paşinyanın əvvəlki rəhbərlərin səhv siyasətindən nəticə çıxarmaq əvəzinə, onların cinayətkar siyasətini davam etdirmək niyyətini ortaya qoydu: "Azərbaycan torpağını Ermənistan əraziləri elan etdi. Mütəmadi olaraq işğal altında olan Dağlıq Qarabağa səfər edərək orada təxribat xarakterli bəyanatlar səsləndirdi. Eyni zamanda danışıqlar prosesi ərəfəsində müxtəlif təxribatlara əl atdı". Millət vəkili qeyd edib ki, bu gün də Nikol Paşinyan hakimiyyətinin zəiflədiyini hiss etdiyindən, ona görə də Ermənistan cəmiyyətinin milli hissləri ilə oynamağa, guya Dağlıq Qarabağ probleminin həllində mövqeyinin güclü olduğunu göstərməyə çalışır. Ancaq reallıq bəyanatlar, açıqlamalarla deyil, insanların gördükləri, rastlaşdığı həqiqətlərlə ölçülür. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdəki bəyanatı onun mövqeyinin zəiflədiyini, mövcud vəziyyətdən çıxış yolu tapa bilmədiyini və populizmə yuvarlandığını bir daha göstərir. Fikrimcə, bu cür siyasət Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyana heç bir müsbət nəticə vermədiyi kimi, indiki hakimiyyətə də heç bir müsbət nəticə verməyəcək".
Süleyman