Xamneyi Əhmədinejadı Qərbpərəst namizədlə vuracaq
Elşən Mustafayev: “Əhmədinejadın hakimiyyətdəki maraqlarını dolayı yollarla qoruması elə də asan olmayacaq, hətta mümkünsüzdür”
27 Mart 2013 14:44 Siyasət"Hakimiyyət daxilində son illər ərzində İranda prezident Mahmud Əhmədinejada qarşı radikal müxalifət formalaşıb. Hakimiyyətdə təmsil olunan qüvvələrin böyük əksəriyyəti Əhmədinejadın tutduğu postdan istefa verməsinin tərəfindədir". AMİP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev "OLAYLAR"a açıqlamasında belə deyib. E.Mustafayevin sözlərinə görə Əhmədinejad hakimiyyətin kəskin, radikal qərarlar qəbul edən qanadına məxsus fiqurdur. Həmin müxalif qüvvələrin Əhmədinejadın dağıdıcı siyasətinin qarşısını almaq üçün prezidenti yıxmağa çalışdıqlarını deyən sədr müavininin sözlərinə görə prezidentə qarşı olan müxalif qüvvələrin başçısı İranın Ali dini lideri Ayətullah Əli Xamneyidir: "Təbiidir ki, Xamneyi Əhmədinejadın hakimiyyətdəki maraqlarını qoruyub saxlamasının qarşısını almaq üçün öz namizədini dəstəkləyəcək. Hətta dini qurum Əhmədinejadın İslam dininin qaydalarına zidd hərəkətlər etdiyini də gündəmdə saxlayır və müzakirələr aparır. Həmin müzakirələrin açıq şəkil alması müxalif qüvvələrin Əhmədinejada qarşı remarşıdır. Eyni zamanda dünya düzənində İran əleyhinə olan problemli inkişaflar var. Söhbət Qərb dövlətləri və ABŞ-ın İrana qarşı tutduğu aqressiv mövqeyindən gedir. ABŞ-ın İranla bağlı xüsusi planları var. Bəzi siyasi ekspertlər hesab edirdilər ki, İran hakimiyyətinə Qərbpərəst liderin gətirilməsi Amerikanın İranla bağlı mövqeyini yumşaldacaq. Belə olacağı təqdirdə belə ABŞ digər məsələlərə görə İran siyasətindən geri çəkilməyəcək. Bunu nəzərə alan Xamneyi daha ağır bir fiquru hakimiyyətə gətirə bilər. Bu müstəvidə Əhmədinejadın hakimiyyətdəki maraqlarını dolayı yollarla qoruması elə də asan olmayacaq, hətta mümkünsüzdür" ("OLAYLAR" İA)