Fazil Mustafanın “ölüm hökmü”nə Əli Hüseynlidən sərt reaksiya

“Mənimçün həqiqətən maraqlıdır ki, Fazil Mustafa bunu necə deyib?”

Bir neçə gün əvvəl Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın "Facebook" səhifəsində Milli Məclisdə ölüm hökmünün bərpası məsələsini qaldıracağı haqda statusu ciddi reaksiyaya səbəb olub. Qeyd edək ki, Fazil Mustafa öz statusunda "Dünən Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. Bu vəhşiliyə ömürlük həbsmi veriləcək? Milli Məclisdə qəti şəkildə qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə məsələ cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz. Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır" - kimi fikir yazıb.

Millət vəkilinin ölüm hökmünün yenidən bərpası ilə bağlı təklifinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sərt şəkildə təpki göstərib. Ə. Hüseynli "Qafqazinfo"ya açıqlamasında təəssüflə qeyd edib ki, adətən çıxışlarında humanist dəyərlərə üstünlük verən Fazil Mustafa ölüm cəzasının tətbiqinin yenidən bərpası ilə bağlı təkliflə çıxış edib: "Əlbəttə ağır cinayətlər bütün cəmiyyəti sarsıdır, xüsusilə də zərərçəkən tərəfləri. O zaman ki, azyaşlı uşaqlar qətlə yetirilir, amansızlıqla cinayətlər törədilir, bu hər zaman cəmiyyəti narahat edir, o cümlədən hüquq ictimaiyyətini də. Amma bu bir həqiqətdir ki, ölüm cəzası cinayətkarlığın qarşısını alan fakt deyil. Bunu hüquq elmi də sübut edib. Ölüm cəzasının tətbiqi ilə cinayətkarlkığın dinamikası qarşısında birbaşa heç bir əlaqə yoxdur. Hesab edirəm ki, 1993- cü ildə moratoriumun tətbiq edilməsi, 1998-ci ildə isə ölüm cəzasının mərhum prezident Heydər Əliyev tərəfindən birdəfəlik ləğvi Azərbaycanın hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması ilə bağlı atılmış ən mühüm addımlarından olub. Əminəm ki, Azərbaycanda bir daha ölüm cəzası bərpa olunmayacaq".

Komitə sədri deyib ki, yaşamaq hüququ təbii hüquqdur və bu insana Allah tərəfindən verilib, hər hansısa bir qərarla onun əlindən alına bilməz: "Ölüm cəzasının tətbiqini təklif edən həmkarım Fazil Mustafa bunları bilməmiş deyil. Amma buna baxmayaraq, mən mövzu ətrafında polemikaya hazıram. Ölüm cəzasının bərpasının hüquqşünaslar, tanınmış ictimai xadimlər tərəfindən yenidən qaldırılması hesab edirəm ki, zərərli bir presedentdir. Çünki ictimaiyyətin onsuz da bu məsələyə münasibəti birmənalı deyil".

Ə. Hüseynli bildirib ki, burada hüquqi işi kənara qoysaq, əsas məntiq Allahla insan arasında olan münasibətə müdaxilənin yol verilməməsidir: "Məsələn, mənimçün həqiqətən maraqlıdır ki, Fazil Mustafa bunu necə deyib? Əgər Fazil Mustafa kimi adamlar, yəni islam dini bilən adamlar bunu deyirsə, bu bur qədər təəccüblüdür... Axı Fazil Mustafanın arqumentləri olmalıdır. Çünki onun yaxşı məntiqi var. Əks halda ortaya atılan fikir təhlükəli olur. Ən sonda onu da deyim ki, mənim düşüncəmə görə isə yaranmış problemin kökündə əslində sosial mədəni problemlər dayanır. Və məsələyə bu konteksdən yanaşsaq, daha doğru olar...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00