"Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, işğalçılıq siyasəti Ermənistana uğur gətirməyəcək" — Aydın Mirzəzadə

"Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, işğalçılıq siyasəti Ermənistana uğur gətirməyəcək" — Aydın Mirzəzadə

"Paşinyanın da Ermənistanın əvvəlki rəhbərlərinin yürütdüyü işğalçılıq siyasətini açıq şəkildə yürütdüyünün şahidi oluruq. Paşinyan hakimiyyətə gəldiyi zaman əhalinin həllini gözləyən ciddi problemlərin həlli istiqamətində vədlər versə də, bu müddət ərzində əhəmiyyətli heç bir iş görə bilmədi. Ölkədə sosial-iqtisadi böhran daha da ağırlaşdı. Ona görə də diqqəti sosial vəziyyətdən yayındırmaq üçün Qarabağa yönəldərək, bu kartdan istifadə etməyə çalışır".

Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə,  Paşinyanın belə bəyanatlar verməsi onun və komandasının çıxılmaz duruma düşdüyünü  göstərir. "Paşinyan yaxşı bilir ki, günün birində xalq ondan  hakimiyyətə gələrkən xalqın güzəranın yaxşılaşdırmaq barədə üzərinə götürdüyü  öhdəliyin hesabatını soruşacaq.  

Digər tərəfdən erməni diplomatlar xaricdə Ermənistanın işğalçılıq siaysətini necə davam etdirə bilərlər ki?... Bu gün başda BMT TŞ-nin Qarabağ münaqişəsi ilə müvafiq qətnamələri mövcuddur. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. BMT TŞ-nin qətnaməsində Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur"- millət vəkili deyib.

A.Mirzəzadə əlavə edib  ki, bu gün dünyada nə Ermənistanın işğlaçılıq siyasətini, nə də Dağlı Qarabağ ərazisində yaradılan separatçı rejimlə əlaqə yaradan ölkə yoxdur: "Hesab edirəm ki, Ermənistan  bu gün apardığı siyasətin əsirinə çevrilib. Bu siyasət Ermənistana heç də yaxşı nəticələr vəd etmir". 
Ermənistan Xarici işlər naziri Zöhrab Mnatasakyanın  Türkiyənin Qarabağ məsələsində Azərbaycan yanında olması ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə, millət vəkili deyib ki, Türkiyə  beynəlxalq hüquq prinsiplərinə sədaqətini  nümayiş etdirməklə, strateji müttəfiqi olduğu Azərbaycanın  ədalətli mövqeyini dəstəkləyərək, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir: "Türkiyə açıq bəyan edir ki, işğalçılıq siyasətinə son verməyənədək Ermənistanla hər hansı formada əlaqələr qurmayacaq. Bu gün rəsmi statistik məlumata görə, Türkiyədə hazırda 300 min Ermənistan vətəndaşı çalışır ki, onun da mütləq əksəriyyəti qadınlardır. Onların Türkiyədən göndərdiyi  maliyyə vəsaiti olmazsa,  Ermənistan əhalinin böyük bir qisminin sosial vəziyyəti daha ağır olar. Ermənistan nə qədər ki, beynəlxalq hüququn  prinsiplərinə əməl etmədən işğalçılıq siyasətini davam etdirdikcə, bu ölkənin hər hansı formada  inkişafından söz belə gedə bilməz".

Deputat əlavə edib ki, Paşinyan və Mnatsakanyanın verdiyi bəyanatlar proseslərin xeyrində deyil, əksinə danışıqlar prosesinə mənfi təsir edir. "Bu gün erməni siyasətçilər nə qədər ki, Ermənistanın üzləşdiyi problemlərin həllinin məhz Qarabağ münaqişəsinin həllindən  keçdiyini anlamayıblar, bu ölkənin üzləşdiyi böhrandan çıxacağına ümid bəsləmək mümkün deyil. Əksinə, böhran daha da dərinləşəcək. Hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, işğalçılıq siyasəti Ermənistana uğur gətirməyəcək. Bunu Paşinyan və onun komandası da anlamalıdır. Ona görə ki, Paşinyan da  sələfləri kimi günün birində hakimiyyətə gələrkən üzərinə götürdüyü öhdəliklərlə bağlı xalqının qarşısında hesabat verməli olacaq"- deputat bildirib.

olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31