Ermənistanda heç bir inkişaf elementləri yoxdur
28 Avqust 2019 16:09 SiyasətSeymur Orucov: "Daxili narazılıq artdıqca, işğalçı ölkənin rəhbərliyi də bu cür mənasız, əsassız açıqlamalar verir"
Ermənistan hakimiyyəti ənənəvi siyasətindən, Dağlıq Qarabağ probleminin həllinə olan kompromisdən kənar mövqeyi və sərt ritorikasından geri çəkilmir. Son həftələr ərzində işğalçı ölkənin baş naziri Nikol Paşinyanın bir-birinin ardınca ortaya qoyduğu qeyri-konstruktiv mövqe, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin mümkünlüyü barədə sərsəm açıqlaması bir daha onu deməyə əsas verir ki, İrəvan qətiyyətlə danışıqlar prosesindən yayınmağa çalışır və münaqişənin sülh yolu ilə həllinə maraqlı görünmür. Burada maraqlı olan məqam isə ondan ibarətdir ki, rəsmi İrəvanın ortaya qoyduğu sərt ritorika və danışıqlar prosesindən yayınmaq cəhdinə beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu heç bir reaksiya vermir.
Bu istiqamətdə cərəyan edən proseslər və Ermənistan hakimiyyətinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe barədə fikirlərini ifadə edən hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "OLAYLAR"-a bildirib ki, Ermənistan dövləti qondarma dövlətdir və onun rəhbərliyində duranlar xalq tərəfindən seçilməyib, təyin olunan şəxslərdir: "Onlar da öz hakimiyyətlərini qorumaq, hakimiyyətlərini əldə saxlamaq üçün mütləq və mütləq, hər zaman qanunazidd əməllərə əl atır, beynəlxalq hüququn normalarını çeynəyirlər". Seymur Orucov təəssüf hissi ilə qeyd edib ki. günümüzdə dünyada mövcud olan cəzasızlıq sindromu və ikili standartlardan dolayı Ermənistan belə bir mövqe ortaya qoyur: "Biz əvəllər ikili siyasət, ikili standartlar deyirdik. Məhmət Akif Ərsoyun bir sözü var. Deyir 8 üzlü insanları görə-görə, ikiüzlü insanları sevər oldum. Bu gün Azərbaycan Cənab Prezidentin rəhbərliyi altında inkişaf yolundadır və dünyaya inteqrasiya edir. Biz TANAP, TAP layihələrində iştirak edirik. Bakı-Tbilisi-Qars kimi böyük layihələrin icraçısına çevrilmişik. Təbii ki, əldə etdiyimiz bu uğurları da istəyən və istəməyən qüvvələr var. Ermənilər də bunu gördükcə öz hakimiyyətlərindən tələb edirlər ki, ölkədə inkişafa zəmin yaradılsın. Azərbaycan təkcə Qafqazın deyil, eləcə də Avropanın böyük iqtisadiyyatına çevrildiyi, iri layihələr həyata keçirdiyi halda, Ermənistanda heç bir inkişaf elementləri yoxdur. Ona görə də xalq haqlı olaraq Ermənistan hakimiyyətindən tələb edir ki, nəyə görə, bizi xülyalarda yaşadırsınız". Seymur Orucovun sözlərinə görə, Ermənistanda daxili narazılıq artdıqca, işğalçı ölkənin rəhbərliyi də bu cür mənasız, əsassız açıqlamalar verirlər ki, Dağlıq Qarabağı birləşdirirlər: "Nəyi, hara birləşdirirlər? Aprel döyüşləri, Güngüt əməliyyatı, bir müddət əvvəl Qazax istiqamətində sərhəd postlarımızın irəliyə çəkilməsi ilə biz bunu isbat etdik. Bunlar hamısı əsası və kökü olmayan, hakimiyyəti, kreslonu qorumaq üçün edilən cəhdlərdən başqa bir şey deyil. Əgər beynəlxalq qurumlar və ayrı-ayrı dövlətlər Ermənistanın bu mövqeyi ilə bağlı səssizliklərini saxlayırlarsa, deməli dünyada ikili deyil, səkkizli standartlar mövcuddur". Seymur Orucov onu da diqqətə çatdırıb ki, hazırda Paşinyanın ölkədə nüfuzu çox aşağı səviyyədədir və hansısa yolla cəmiyyət arasında nüfuzunu qaldırmağa çalışır"
Süleyman İsmayılbəyli