Dərinləşməkdə olan Türkiyə-Rusiya münasibətləri -ŞƏRH

Dərinləşməkdə olan Türkiyə-Rusiya münasibətləri- ŞƏRH

Və onun Yaxın Şərqdəki proseslərə mümkün təsirləri

Dünyanın diqqəti bu günlərdə yenə Moksvada, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə idi. Daha doğrusu hər kəs görüşün nəticələri və müzakirə ediləcək məsələlər ətrafında tərəflərin razılığa gəlib-gəlməyəcəyini maraqla gözləyirdi. Artıq ənənən halını alan bu görüşün müntəzəm olaraq baş tutmasına səbəb olan amillər də kifayət qədər idi. Bir tərəfdən hər iki ölkəyə qarşı Qərbdən müşahidə edilən təzyiqlər, digər tərəfdən Yaxın Şərqdə, xüsusilə də Suriyada davam edən gərginlik.

Rusiya və Türkiyə prezidentilərinin Moskva görüşü və bu görüşə səbəb olan əsas amillər barədə fikirlərini bölüşən müstəqil ekspert Kamran Sultanlı deyib ki, Əsəd rejiminə sadiq qüvvələrin son zamanlar Türkiyə nəzarətində olan İdlibə hücumlar etməsi istər istəməz belə bir görüşün baş tutması aktuallığını artırdı. Çünki Suriyada Əsəd qüvvələrinə əsas dəstəyi Rusiya verir.  Ekspertin sözlərinə görə, İdlibdə belə bir situasiyanın yaranması həmçinin ortaya bu cür sual çıxartmışdı. Rus-Türk münasibətləri pozulacaqmı?

Kamran Sultanlı onu da diqqətə çatdırıb ki, əslində haqlı olaraq belə bir sual bu gün aktuallaşıb: "Çünki heç kəsə sirr deyil ki, Əsəd rejiminin ən böyük dəstəkçisi məhz Rusiyadır. Bildiyiniz kimi ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri baş tutdu. Səfər olduqca maraqlı məqamlarla yadda qaldı. Görüşün təfərrüatlarına keçmədən öncə deyə bilərəm ki Türk-Rus münasibətlərinin pisləşəcəyi düşünüldüyü bir zamanda bu addım bir daha sübut etdi ki, Türkiyə və Rusiya hazırki siyasi vəziyyətdə bir-birinə ehtiyac duyur və münasibətlərin pisləşməsini gözə almaq istəmir. Bu hal istər tərəflər arasında aparılan müzakirələrdə, istərsə də Prezidentlərin Rusiyada birgə səmimi kadrlarından müşahidə oluna bilər. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri və həmkarı Vladimir Putin ilə görüşməsi olduqca önəmli hadisədir".

Ekspert bildirib ki, həmin görüşdə tərəflər bir daha əminlik yaradıblar ki,  Türk-Rus siyasi münasibətləri ortaq maraqlar çərçivəsində heç də asanlıqla pozula bilməz: "Digər tərəfdən görüş zamanı hər nə qədər Suriya və Liviyadakı siyasi proseslərin müzakirə olunduğu deyilsə də, düşünürəm ki, Türkiyənin Pənçə 3 hərəkatı və o cümlədən Əsəd rejiminin İdlibə hücumunun təfərrüatları da müzakirə olunub. Hesab edirəm ki, bu gün Rusiya prezidenti Əsəd ilə Ərdoğan arasında seçim ayrılığında qalsa, açıqca Ərdoğanı seçərdi. Çünki hazırki vəziyyətdə Rusiya və Türkiyə maraqları bir-birini təmin edir. Hər nə qədər qəribə səslənsə də, Əsəd rejiminin İdlibə hücüm etməyində ABŞ faktorunun olduğunu düşünürəm".

Kamran Sultanlı onu da vurğulayıb ki, son zamanlar S-400 raketlərini Rusiyadan almasının ardından Türkiyə ABŞ-ın F-35 təyyarələrinə alternativ Rusiyanın yeni nəsil SU-35 təyyarələrini ala biləcəyi də önə çəkib və bu mövzuda tərəflər arasında müzakirə edilib: "Görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Rusiyayla hərtərəfli əlaqələrin genişləndirilib istər Türk hava daşıma, istərsə də hərbi hava qüvvələri istiqamətində ortaq razılaşma əldə edilə biləcəyini qeyd edib. Burdan belə bir nəticəyə gəlmək olar ki Türkiyə Rusiyadan SU-35 təyyarələrini almaq niyyətindədir. Bunun üçün iki məqama diqqət yetirmək kifayətdir. Birincisi, Türkiyə prezidentinin rusiyalı həmkarıyla birgə Rus hava qüvvələrinə məxsus hərbi təyyarələri birgə izləməsi. İkincisi, öncədən də Rusiya prezidenti Putinin Ərdoğana SU-35 təyyarələrinin satışını reallaşdıra, həmçinin ortaq proyektlərin də həyata keçirilə biləcəyini demesidir. Göründüyü kimi deyilənlərin əksinə Rus türk münasibətləri qaldığı yerdən davam etməkdədir. Düşünürəm ki, qısa zamanda Türkiyə tərəfi S-400-lərin ardından Rusiyadan SU-35 təyyarələrini də alacaq".

İndi hər kəs növbəti Moskva-Ankara anlaşması və tərəflər arasında münasibətlərin daha dərin xarakter almasına qarşı Qərbin hansı adekvat addım atacağını gözləyir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31