ABŞ MDB-ni Rusiyaya güzəştə getməyəcək

Elxan Şahinoğlu: “Amerika hələ də Cənubi Qafqaz və Mərkəzi Asiyaya olan maraqlarını qoruyur”

"Barak Obama ikinci dəfə prezident seçiləndən sonra Rusiya ilə isti münasibətlər qurmağa çalışırdı. ABŞ müəyyən müddət qlobal məsələlərə görə anlaşmağa səy göstərirdi". "OLAYLAR"a açıqlamasında politoloq Elxan Şahinoğlu belə deyib. E.Şahinoğlunun sözlərinə görə ABŞ və Rusiya müəyyən mənada İran, Liviya məsələlərində ortaq məxrəcə gəlməyə yaxın idilər: "Bunun müqabilində Obama sanki, Rusiyanın yaxın ətrafına, o cümlədən Cənubi Qafqaza diqqəti azaltmışdı. Diqqət etsək görərik ki, ABŞ son illərdə Cənubi Qafqazdakı problemlərin həllinə o qədər də maraq göstərmir. Amma bu demək deyil ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyaya hədiyyə edib. Amerika hələ də Cənubi Qafqaz və Mərkəzi Asiyaya olan maraqlarını qoruyur. İndiki məqamda ABŞ regiondakı problemlərin həllində passivlik nümayiş etdirir. Bunun da əsl səbəbi rəsmi Vaşinqtonun xarici siyasətindəki bəzi problemlərin həllinə diqqəti artırmasıdır. Mərkəzi Asiya Rusiyaya inteqrasiya siyasətini izləsə də öz enerjisini alternativ yollarla dünya bazarına çıxarmağa çalışır və ABŞ-la hərbi əməkdaşlığı davam etdirir. Azərbaycan da ABŞ-ın təhlükəsizlik planlarında yer almaqla yanaşı Qərblə enerji sahəsində əməkdaşlıq edir. Amerikanın Əfqanıstana çatdırmaq istədiyi bütün yüklərin böyük əksəriyyəti Azərbaycan hava məkanı vasitəsilə daşınır. Həmçinin Azərbaycan İrandan baş verə biləcək təhlükəyə görə Amerika ilə hərbi əməkdaşlıqları inkişaf etdirir. Birmənalı şəkildə ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyaya görə geri çəkilib demək düzgün deyil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00