Azərbaycanda etniklərarası müharibə başlana bilər?
Cümşüd Nuriyev: “Avrasiya materikində Azərbaycan yeganə dövlətdir ki, etnik azlıqlara hakimiyyətdə təmsil olunmaq şansı verilib”
27 Mart 2013 12:21 SiyasətRusiya prezidentinin səlahiyyətli nümayəndəsi Vladimir Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasının tərkibində olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin saytına Azərbaycandakı etnik azlıqlar barədə açıqlama verib. Onun sözlərinə görə Azərbaycanda etnik azlıqlar "sıxışdırılır", "ölkənin siyasi sistemində təmsil olunmaq üçün imkanlar yaradılmır".
"Avrasiya materikində Azərbaycan yeganə dövlətdir ki, etnik azlıqlara hakimiyyətdə təmsil olunmaq şansı verilib. Azərbaycanda əhalinin 89%-i azərilər olduğu halda onların hakimiyyətdə təmsilçiliyi cəmi 41%-dir. Azərbaycanın xüsusi dövlət qulluğunda olanların telefon kitabçası var, orada həmin adamların tutduğu vəzifələr, ad və soyadları mövcuddur. Rəsmi Bakını digər məsələlərə görə ittiham edə bilərlər, amma bu məsələ Rusiyanın əvvəlcədən planlaşdırdığı planıdır" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə hakimiyyətdə və parlamentdə təmsilçiliyin yarıdan çoxu etniklərə məxsusdur: "Azərbaycanda mühüm dövlət vəzifələrində ləzgi, tat, tatar, saxur, talış, yəhudi, rus, kürdlər təmsil olunurlar. Etnik azlıqlara görə Prezident İlham Əliyevi yalandan ittiham etmək Kremlin imperiya siyasətinin yeni təzahür formasıdır. Ermənistanda bir nəfər də olsun erməni qarışıq yarımazərbaycanlı tapmaq mümkün deyil. Lakin cənab prezident həmin adamlara bu şansı da tanıyıb. Ona görə də Azərbaycanı belə bir məsələdə ittiham etmək əxlaqsızlıq, əbləhlikdir, eyni zamanda həyasızlıqdır. Rusiya hakimiyyətinin siyasi əxlaqsızlığı o səviyyəyə çatıb ki, Azərbaycanı etnik azlıqların sıxışdırılmasında ittiham edir. Kreml əvvəlcə parlamentə, hakimiyyətə, ayrı-ayrı dövlət strukturlarında çalışanlara baxsın ki, onların arasında nə qədər başqa millətlərin nümayəndələri var. Rusiya məsələni ortaya atmaqla etniklər arasında millətçiliyi alovlandırmaq istəyir. Lakin bu planı Azərbaycanda həyata keçirmək mümkün deyil. Rusiya qarşıdurmalar yaratmaqla müəyyən sayda etnikin öldürülməsinə çalışır ki, azərilərlə etniklər arasında qarşıdurmalar yaratsın. Bu siyasət Rusiyanın işlənmiş köhnə metodudur. Kreml nümayəndəsinin ittihamları isə əsassızdır. Lakin Rusiyanın planlarında Azərbaycandakı etnikləri ayağa qaldırmaq məsələsi var və bu çox qorxulu ssenaridir" ("OLAYLAR" İA)