Almaniyada Bundestaqının spikeri 31 martla bağlı məlumatlandırılıb
19 Mart 2013 16:34 SiyasətAzərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart soyqırımı ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir.
Bəyanatda deyilir ki, 31 mart soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunur və Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar.