Rüstəm İbrahimbəyov siyasət adamı deyil - MİLLƏT VƏKİLİ
Mübariz Qurbanlı: “Odur ki, siyasi proseslərə daxil olması ona xeyir gətirmədi”
19 Mart 2013 15:37 SiyasətMəlum olduğu kimi kinorejissor Rüstəm İbrahimbəyovun "siyasi fəaliyyəti" Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Xüsusən, onun inqlabı çağırışları, hər şeyi qara görməsi, təxribat xarakterli bəyənatları sadə vətəndaşları narahat etməkdədir. Təkcə yaxın vaxtlarda elan olunan "El" hərəkatının Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) ilə gizli əməkdaşlıq etməsi barədə məlumatlar onun hansı məqsədlərə xidmət etdiyini ortaya qoyur. Onun Rus kəşfiyyat orqanlarının əməkdaşları ilə tez-tez görüşməsi barədə yayılan söz-söhbətlər isə bu şəxsin birmənalı şəkildə xarici ölkələr tərəfindən idarə olunmasına şübhə yeri qoymur. Hətta, "El" hərəkatının RATİ tərəfindən maliyyələşdirildiyi barədə müxtəlif fikirlər mövcuddur. Bütün bunlara baxmayaraq, adının nə olmasından asılı olmayaraq yaradılan təşkilatlat cəmiyyətdə nüfuz sahibinə çevrilə bilməyib. Başqa sözlə, sözügedən təşkilatların yaradıcılarının oliqarxlar və səltənət sahibləri olmasına baxmayaraq cəmiyyət tərəfindən təpki ilə qarşılanıb. Siyasi ekspertlər bunu sözügedən təşkilatların siyasətçilər deyil, şəxsi ambissiyalı insanlar tərəfindən idarə olunması ilə əlaqələndirilər. Millət vəkili, YAP İcra Katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Rüstəm İbrahimbəyov kino sənətində ssenarist kimi, bütövlükdə, bir yazıçı kimi müəyyən uğur qazanmış şəxsdir və bunu heç kəs inkar edə bilməz. Onun beynəlxalq aləmdə də, kino sənətində də yeri var, tanınır: " Amma dəfələrlə bunu demişəm, yenə təkrar edirəm, Rüstəm İbrahimbəyov siyasət adamı deyil, siyasi proseslərə daxil olması, siyasi proseslərdə iştirakı onun üçün xeyir gətirmədi və görünür, özü də bunu çox gözəl başa düşməkdədir". Millət vəkilinin sözlərinə görə, R. İbrahimbəyovun sənəti, onun fəaliyyəti tamam başqa bir sahəyə aid idi, eyni zamanda, sözügedən şəxs indiki hakimiyyətdən hansısa məsələyə görə incik düşərək bu cür siyasi bəyanatlar, açıqlamalar verib: "Biz bilirik ki, Rüstəm İbrahimbəyov əvvəldən bütövlükdə Azərbaycanda ictimai-siyasi məsələlərə o qədər də müdaxilə etməyib, kənardan müşahidə edib və sairə. İndiki şəraitdə də onun Azərbaycandan kənarda gedib haradasa fəaliyyət göstərməsi, əgər o, Azərbaycanın xeyrinə fəaliyyət göstərəcəksə, daha məqbul olar. Məsələn, o, beynəlxalq kino və incəsənət, mədəniyyət sahəsində tanıdıqları adamlar vasitəsilə erməni təcavüzünün ifşası, bütünlükdə Azərbaycanın haqlı mübarizəsi, ərazilərimizin azad olunması üçün fəaliyyət göstərsə, daha çox xeyir verə bilər. Hesab edirəm, Rüstəm İbrahimbəyovun ətrafına bəzi adamlar toplaşaraq onun açıqlamaları ilə əlaqədar müəyyən məsələlərdə onu da özlərinə qoşaraq nəyəsə nail olmaq istəyirdilər. Amma Rüstəm İbrahimbəyovun keçdiyi həyat yolu, həm də fəaliyyəti onun uğursuz bir addım atdığını göstərir. Yəni, sənətdə uğuru var, amma siyasətdə uğur qazana bilməz". R.İbrahimbəyov barədə cinayət işi qaldırılması məsələsinə toxunan millət vəkili qeyd edib ki, onun rəhbərlik etdiyi keçmiş Kinematoqrafiya İttifaqının maliyyə pozuntuları ilə bağlı yoxlamalar aparılıb, bununla bağlı kifayət qədər açıqlamalar verilib. İndi Rüstəm İbrahimbəyov Azərbaycana dönə də bilər, dönməyə də bilər. Bu, onun öz seçimidir: " Döndüyü, gəldiyi halda bu məsələ ilə bağlı əgər onu çağırıb bu və ya digər sorğu aparacaqlarsa, o, bundan çəkinməməlidir. Çünki o burada olanda dəfələrlə bildirdi ki, guya heç bir qanun pozuntusuna yol verilməyib və sair. Verilməyibsə, rahat gələ bilər. Bununla belə, hesab edirəm ki, Rüstəm İbrahimbəyov prosesin içərisində olduqca dərk edir ki, bu məsələlərdə kimlərdənsə istifadə etmək istəyir, həm də o özü siyasətdə uğur qazanmadığını görünür dərk etməkdədir. Onun açıqlamalarına gəldikdə isə bu cür açıqlamalar hakimiyyətə ictimai rəyə təsir edə bilməz". M.Qurbanlı eyni zamanda qeyd edib ki, bu cür açıqlamaların alt qatında şəxsi və fərdi iddialar, konyuktiv istək və sairə görünür: "Ona görə də biz bu cür açıqlamalardan çəkinmirik, buyursun, kim nə istəyir desin. Azad mətbuat var, söz azadlığı var, sosial şəbəkə azadlığı var, internet azadlığı var. Nə istəyirlər deyirlər, hətta sosial şəbəkələrdə təhqir, söyüş yazırlar. Bununla nəsə edə bilərlərmi? Edə bilməzlər. Çünki əsas xalqdır, seçicidir və əsas seçilmiş yolun düzgünlüyüdür. Seçilmiş yol düzgündürsə, bunu xalq tam şəkildə dərk edib və onu müdafiə edəcək". Xatırladaq ki, bir müddət öncə sabiq prezident Ayaz Mütəllibov da R.İbrahimbəyovun siyasət adamı olmadığını dolayısı ilə ifadə etmişdi: "Rüstəm İbrahimbəyov böyük sənətkardır. Tanınmış şəxsdir. Hörmət etdiyim adamdır. Ancaq siyasətlə məşğul olmasaydı yaxşı olardı. Onun adından da istifadə edirlər. İnciklik bəzən adamı idarə edir. Bəlkə haradasa, nədəsə İbrahimbəyovun incikliyi olub".
O da bəllidir ki, R.İbrahimbəyovun şəxsi biznesi iflasa uğradıqdan sonra dönüb "siyasətçi" oldu. Ancaq etiraf edilməlidir ki, bu şəxs siyası proseslərdə haçansa uğur qazanacağı üçün kifayətə qədər potensiala malik deyil. Məhz bu səbəbdən R. İbrahimbəyov hazırda özünə yaratdığı problemin girdabından çıxa bilmir. Odur ki, şıxış yolu kimi qarşısındakı maneəni dəf etməkdən ötrü gəncləri qızışdırıb ortaya salır. Beləliklə gəncləri öz siyasi ambisiya və iqtisadı maraqlarının qurbanına çevirir.
Alim