Maya Pancikidzenin Qarabağ bəyanatı yenə də səmimi deyil - AÇIQLAMA
Mübariz Göyüşlü: “2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edəndə gürcü xalqına ən yaxından kömək edən yeganə dövlət Azərbaycan olub”
19 Mart 2013 15:36 Siyasət"Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik. Azərbaycanın da bizə münasibəti eynidir. Gürcüstan sadəcə Ermənistanla qonşudur və biz çalışırıq ki, qonşu dövlətlərlə normal münasibətlər quraq!" Gürcüstanın xarici işlər naziri Maya Pancikidze belə deyib. Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü hesab edir ki, həmişə yüksək vəzifəli dövlət rəsmilərinin görüşlərində yüksək tonlu bəyanatlar verilir: "Maya Pancikidze heç vaxt Elmar Məmmədyarovla görüşdə Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünün dəstəkləmədyini deməz. Ümumi götürdükdə isə başda Mixail Saakaşvili olmaqla Gürcüstan rəsmilərinin Azərbaycana qarşı münasibətləri səmimi deyil. Əslində Gürcüstanın bu ikili siyasətindən həm inciməli, həm də inciməməliyik. Çünki, Gürcüstanın özünün də milli maraqları var. Gürcüstanın Cənubi Qafqaz siyasətində həm Azərbaycan, həm də Ermənistanla isti münasibətlər qurmaq əsas yer tutur. İnciməliyik ona görə ki, hətta 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edəndə gürcü xalqına ən yaxından köməklik edən yeganə dövlət Azərbaycan olub. Bu gün Borçalıda yaşayan Azərbaycan türkləri separatizmlə məşğul olmurlar, amma Cavaxetiyada yaşayan ermənilər müstəqil olmağa hazırlaşırlar. Buna görə də Maya Pancikidzenin bəyanatındakı səmimiyyətinə inanmıram. Azərbaycan dövləti xarici siyasət xəttini bu fikirlərlə qurmalıdır". ("OLAYLAR" İA)