Rusiyanın Azərbaycanda sünni-şiə müharibəsi və…
Tahir Abbaslı: “Rusiya Azərbaycanda İslam dinini parçalamaq istəyir və bu dinə qarşı insanları düşmən mövqeyinə çəkmək niyyətini güdür”
19 Mart 2013 14:16 Siyasət"Rusiyanın xüsusi xidmət orqanları neçə müddətdir ki, rəsmi Bakı ilə Kreml arasında sərinlik səbəbindən Azərbaycanda müxtəlif təxribat xarakterli aksiyanın tədarükü ilə məşğuldur. Növbəti dalğada Azərbaycanda sünni-şiə gərginliyinin salınması planlaşdırılır". "Gündəm xəbər" qəzeti belə yazıb. İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı hesab edir ki, Azərbaycanda sünni-şiə qarşıdurmasının həm cəmiyyət, həm də dindarlar tərəfindən yaradılması qeyri-mümkündür: "Həmin mesajı verən qüvvələrin bir neçə məqsədi ola bilər. Azərbaycanı gərgin vəziyyətdə saxlamaq, insanların beyinlərini məzhəblərlə zəhərləmək, cəmiyyətin dini dünyagörüşündə ciddi maneələr yaratmaq həmin proseslərin ana xəttində dayanır. Azərbaycan cəmiyyəti din sahəsində öz seçimlərini ediblər və bu qarşıdurmalara rəvac verməyəcək. Çünki, ölkədə insanlar biri-birlərinə qayğı ilə yanaşırlar və seçdikləri məzhəbləri biri-birilərinə qarşı aqressiv münasibət kimi istifadə etmirlər. Rusiya Azərbaycanda İslam dinini parçalamaq istəyir və bu dinə qarşı insanları düşmən mövqeyinə çəkmək niyyətini güdür. Belə olan təqdirdə Rusiya insanları istədiyi istiqamətə apara biləcək və Azərbaycanla bağlı planlarını həyata keçirə biləcək. İndiki məqamda isə Azərbaycanda sünni-şiə qarşıdurmasının baş verməsinə görə Rusiya üçün münbit şərait yoxdur" ("OLAYLAR" İA)
.