Partiyalar məlumatların ictimailəşməsində maraqlı deyil - ŞƏRH
Rufiz Qonaqov: "Əgər demokratik şəraitdə yaşayırıqsa, şəffaflıqdan danışırıqsa nəyə görə o, siyasi partiyalar məlumatları əhaliyə verməkdən çəkinməlidir?”
19 Mart 2013 14:02 SiyasətBu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərinə təkcə daxildə deyil, eləcə də xaricdə ciddi maraq olduğu açıq şəkildə müşahidə edilir. Cənubi Qafqaz regionunda bu və ya digər dərəcədə marağı olan bir sıra dövlətlər, güc mərkəzləri Azərbaycanın ictimai-siyasi həyatına təsir göstərməklə seçkilərin müəyyən mənada öz xeyirlərinə nəticələnməsinə çalışırlar. Paralel olaraq Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat və birliklər də seçkilərlə bağlı müəyyən addımlar atır, hazılıq işləri görürlər. Ancaq ölkə daxilində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bu istiqamətdəki fəaliyyəti xarici qüvvələrdən fərqli olaraq əhalinin seçki biliklərinin artırılması, seçki prosesinin izlənməsinə yönəlib. Bu istiqamətdə yaradılmış qurumlardan biri də Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansıdır. Alyansın həmtəsisçisi Rufiz Qonaqov təmsil etdiyi qurumun prezident seçkiləri ərəfəsində əsas diqqət yetirdiyi istiqamətlər və görəcəyi işlər barədə danışıb: "Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı olaraq təsis edilən gündən qarşımıza məqsəd qoymuşuq ki, prezdent seçkiləri ərəfəsində uzun müddətli monitorinq həyata keçirək. Artıq bununla bağlı mərhələli şəkildə iş aparırıq. Alyansın həyata keçirdiyi ilkin monitorinqin nəticələri keçən ilin sonlarında açıqlandı". Rufiz Qonaqov deyib ki, həmin monitorinqin nəticələri siyasi partiyalarla bağlı olub: "İlkin olaraq Alyans olaraq hesab etdik ki, siyasi partiyaların seçkidən əvvəlki vəziyyəti ilə tanış olaq. Bunun üçün Azərbaycanda olan 50 dən çox siyasi partiyadan təqribən 25-də monitorinq aparıldı. Monitorinq zamanı siyasi partiyaların üzvləri, eyni zamanda onların rayon şəhər təşkilatlarının sayı, bölgələrdəki gücü müəyyənləşdirildi. Növbəti mərhələdə isə düşünürük ki, ümumi Azərbaycan əhalisinin prezdent seçkilərinə münasibətini öyrənək. Bundan sonrakı mərhələdə isə artıq real prezidentliyə namizədlər, onları dəstəkləyən qurumlar və həmin namizədlərin potensial gücü və bu kimi məsələlərin monitorinqi aparılacaq". Alyans təmsilçisi qeyd edib ki, qurum növbəti seçki monitorinqinə hazırlaşır və aprel ayından ikinci mərhələyə start veriləcək: "İkinci mərhələdə biz ümümi əhalinin prezdent seçkisinə münasibətini öyrənməyə çalışacağıq. Ola bilsin ki, biz eyni zamanda iki mərhələni birləşdirib həmin müddətdə siyasi partiyaların regionlardakı vəziyyətini monitorinq edək". Rufiz Qonaqovun sözlərinə görə, QHT Əməkdaşlıq Alyansının monitorinq etdiyi siyasi partiyalar içərisndə bütün göstəricilərə görə Yeni Azərbaycan Partiyası öndə gedir: "Həm üzvlərinin, həm də rayon-şəhər təşkilatlarının sayına, eləcə də digər kateqoriyalara görə hakim partiya qalan siyasi qüvvələrdən öndədir. Sonrakı sırada isə digər siyasi partiyalar yer alır". Alyans təmsilçisi hesab edir ki, tək-tək siyasi partiyaların üzvlərinin sayı və yaxud da ümümi gücü o qədər də yüksək deyil: "İctimai Palata adlandırılan bir qurum var. O, qurumun içərisində olan ümumi partiyaların, təşkilatların gücü yenə də Yeni Azərbaycan Partiyasının gücü ilə bərabərləşə bilmir. Monitorinq zamanı bir şeyin şahidi də olduq ki, bir sıra partiyalar məlumatların ictimailəşməsini istəmirlər. Çox təəssüflər olsun ki, biz siyasi partiyalrın monitoronqini aparakən bir çox siyasi partiyalar qısqanclıqla yanaşdılar. Xüsusilə İctimai Palataya daxil olan bir neçə partiya var idi ki, o məlumatları bizə verməyə çəkinirdilər. Biz hesab etdik ki , bu onların göstəricilərin aşağı səviyyədə olması ilə bağlıdı. Bu da təəssüf doğurur. Biz əgər demokratik şəraitdə yaşayırıqsa, şəffaflıqdan danışırıqsa nəyə görə o, siyasi partiyalar məlumatları əhaliyə, ictimaiətə və yaxud da monitorinq keçirən quruma verməkdən çəkinməlidir?" Rufiz Qonaqov Alyansın seçkilərdə exit-pol keçirməsini də mümkün hesab edib:"QHT Əməkdaşlıq Alyansı olaraq mümkün qədər çalışırıq ki, seçkiləri uzun müddətli monitorinq edək. Eyni zamanda beynəlxalq təşkilatlardan da biz ciddi iş aparırıq. Paralel olaraq iqtidar və müxalifətin bir araya gəlməsi, Azərbaycanın problemlərini məhz biz dəyirmi masa ətrafında müzakirə etmək üçün bütün cəhdlərimizi göstərəcəyik. Exit-polla bağlı məsələlər də hal-hazırda müzakirə olunur. Alyans məqbul hesab etsə seçki günü exit-pol keçirə bilərik". Alyans təmsilçisi prezident seçkilərindən sonra ölkəmizə qarşı qərəzli mövqelərin ortaya qoyulacağını da istisna etməyib və buna qarşı olaraq da təmsil etdiyi qurumun fəaliyyət göstərəcəyini vurğulayıb: "Azərbaycana qarşı qərəzli fikirlər var və bir qayda olaraq ölkəmizə qarşı ikili standartlardan yanaşılır. Əgər söhbət insan haqlarından, demokratiyadan gedirsə, Ermənistanda bu daha çox pozulur. Ancaq məsələnin mahiyyətinə varanda aydın olur ki, həmin qərəzli hesabatların hazırlanmasında bəzi yerli təşkilatılar rol oynayır. Bir sıra təşkilatlar var ki, onlar həqiqətəuyğun olmayan məlumatlar ötürürlər. Biz demirik ki, Azərbaycanda nöqsanlar yoxdur. Var, sadəcə bu nöqsanların qərəzli şəkildə verilməsinin əlehinəyik".
Süleyman İsmayılbəyli