Müsavat təklənə bilər - SİYASİ ŞƏRH
AXCP dəstək verməsə, Müsavat müxalifət daxilində təcrid vəziyyətinə düşəcək
18 Mart 2013 17:36 SiyasətMüsavat başqanı İsa Qəmbər müxalifət düşərgəsini silkələyə biləcək açıqlamalarla çıxış edib. Ötən həftənin sonu, martın 17-də Müsavatın mərkəzi qərargahında gənclərlə görüşən İsa Qəmbər prezident seçkisində vahid namizədlə iştirak məsələsinə toxunub. O öncə birlikdən danışan, amma reallıqda addım atmayan partiyalara toxunub. Deyib ki, bəzi partiyalar tez-tez birlik məsələsini qaldırsalar da, əslində mövqeləri başqadır və heç bir fəaliyyət göstərmirlər. Başqanın başqa bir fikri isə partiyaların siyasi oriyentasiyası ilə bağlıdır və müxalifət daxilində ciddi narazılıq yarada bilər. "Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir. Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər. Bir sıra partiya liderlərinin müsahibələrinə baxın. 10 açıqlama, bəyanatdan 8-i Müsavata qarşı hücumdur. Son iki ildə hansısa bir addım atıblarmı? Hansısa mitinq təşkil ediblərmi? Həmin partiyalarla hansı birlik əldə etmək olar? Bu birlik xalqa nə verəcək? Gücləri yox, mövqeləri yox, amma deyirlər ki, gəlin, birgə vahid namizədi müəyyənləşdirək".
Hesab olunur ki, Müsavat başqanı bu bəyanatı ilə "Səkkizlər"i nəzərdə tutur. Xatırladaq ki, bu günlərdə AMİP sədri Yusif Bağırov bu formatda yeni görüşün keçirilməsini təklif edib. AMİP sədri deyib ki, görüşə Müsavat da dəvət olunacaq. Müsavat başqanının bu açıqlaması onu deməyə əsas verir ki, o, "Səkkizliy"in bloka və siyasi gücə çevrilməsindən ehtiyat edir. "Moskva və İrana işləyən qüvvələr" anlayışı təsadüfən seçilməyib və Müsavat rəhbəri bununla "səkkizlik" partiyaları əleyhinə qara piarın əsasını qoymuş olur. Yəqin ki, yaxın günlərdə açıq mətnlə partiyalar Rusiya və İrana işləməkdə suçlandırılacaq. Xatırladaq ki, Müsavat başqanı 2010-cu il parlament seçkiləri öncəsi də bu metoddan istifadə etmiş, Lidebal partiyanı (ALP) Rusiyaya işləməkdə, Əli Əliyevin partiyasını isə (AVİP) "hakimiyyətə işləməkdə" suçlandırmışdı. Bununla da "Azadlıq" bloku parçalanmış, AXCP ALP və AVİP-dən imtina etmiş, Müsavatla müttəfiqiliyə başlamışdı. Hesab olunur ki, bu bəyanatla Müsavat başqanı AXCP-yə jest edir, Əli Kərimlini "müttəfiq seçimində aldanmamağa" çağırır. Qeyd edək ki, AXCP sədri "Səkkizlər"in "Asiman" görüşündə iştirtak edib.
Müsavat başqanının "mən heç yerdə deməmişəm ki vahid namizəd olacağam" açıqlaması da AXCP və yeni yaranmış El Hərəkatına yönəlib. Başqan güzəştə getməyə hazır olduğuna işarə vurub. Siyasi analitiklərin fikrincə, İsa Qəmbər bu açıqlamalarla müxalifətin düzənini müəyyən etməyə çalışıb. Müsavat başqanı "əsl müxalifət"in Müsavat-AXCP-El hərəkatından ibarət olmasını arzu edir. Amma bir iş var ki, bu açıqlama olduqca risklidir. AXCP Müsavatın bu tezislərini dəstəkləməsə, yenə də "Səkkizlik" çərçivəsində əməkdaşlığı davam etdirsə, Müsavat müxalifət daxilində təklənəcək. Bəzi ehtimallara görə, AXCP Müsavatın təklənməsinə, müxalifət partiyaları tərəfindən qara piar hədəfinə çevrilməsinə göz yumacaq. O vaxta qədər ki Müsavat vahid namizədin Əli Kərimli olmasına razılıq verəcək. AXCP bu taktikanı icra etsə, Müsavat üçün qarşıdakı 2-3 ay çətin keçəcək. Müsavat ADP, Ümid, AVİP və AMİP tərəfindən hücumlara məruz qalacaq.
Ərhun Abbas