Müxalifəti xarici dövlətlərə işləməkdə ittiham edəndə birinci Müsavatın adı çəkilir
Razi Nurullayev: “Həmin təşkilatların fəaliyyətlərində Azərbaycanın milli, dövlət maraqlarına ciddi zərbə vuran məqamlar ola bilər”
18 Mart 2013 17:29 Siyasət"Partiyaların bir neçəsi hakimiyyətin, Rusiyanın, İranın təsiri altındadır. Nə gücləri var, nə də mövqeləri var. Belə partiyalarla birliyə getməklə enerjimizi boş yerə sərf etmək istəmirik". Müsavat Partiyasının başqanı İsa Qəmbər mətbuata açıqlamasında belə deyib.
AXCP sədrinin müavini Razi Nurullayev belə hesab edir ki, İsa Qəmbərin bu açıqlaması başqanın şəxsi fikirlərinə əsaslanır. R.Nurullayevin sözlərinə görə dünyanın istənilən dövlətlərində partiyalar özünün müxtəlif mövqeləri ilə seçilirlər: "Azərbaycanda da istənilən partiya müxtəlif dövlətlərin təcrübələrinə meyillənə bilərlər. Məsələn, Müsavat və AXCP Qərb yönümlü təşkilatlardır. Azərbaycanda bir sıra partiyalar var ki, Rusiya, İran yönümlüdür. Ölkədə elə bir millətçi partiyalar var ki, onlar Azərbaycanın bütün məsələlərinin Türkiyənin üzərindən həll edilməsini istəyirlər. Bu baxımdan İsa Qəmbərin fikirləri təbii qəbul olunmalıdır. Açıqlamada elə bir qorxulu və ciddi sayılacaq məqamlar yoxdur. İsa Qəmbər həmin partiyaların fəaliyyətlərində pozuculuq elementlərinin olmasından narahatdır. Həmin təşkilatların fəaliyyətlərində Azərbaycanın milli, dövlət maraqlarına ciddi zərbə vuran və öz maraqlarını həyata keçirmək üçün vətəndaşların bütün maraqlarını ayaqlar altına atan elementlər ola bilər. Yəqin ki, İsa Qəmbər bunları nəzərdə tutur. Heç bir normal partiya və lideri heç vaxt bu cür neqativ yollara getməz"
Əli Oruclu: "Bununla bağlı İsa Qəmbərin əlində kifayət qədər faktlar varsa, bir vətəndaş kimi İsa Qəmbər onu deməlidir"
Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə Azərbaycanda xarici qüvvələrin maraqlarına xidmət edən partiyaların olması istisna deyil: "Amma bütün bu ittihamların Azərbaycan müxalifətinin üzərinə atılması neqativ haldır. Onlar hansı partiyalardısa İsa Qəmbər onu açıqlamalıdır ki, həmin partiyalar Azərbaycan üçün nə qədər təhlükəlidirlər, hansı dövlətlərə çalışırlar. Əgər bununla bağlı İsa Qəmbərin əlində kifayət qədər faktlar varsa İsa Qəmbər bunu açıqlamalıdır"
Sərdar Cəlaloğlu: "İsa Qəmbərin bəyanatı müxalifətin bir araya gəlməsini istəməyən Müsavatın mövqeyidir"
"İsa Qəmbər bir neçə il bundan qabaq da müxalifətin bir araya gəlməməsinə münasibət bildirərkən deyib. Hər hansı bir təşkilatın xarici dövlətlərə işləməsi Azərbaycan Konstitusiyasına görə ağır cinayətdir. Bunu bilib ondan xəbər verməmək də cinayətdir" deyən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə İsa Qəmbər həmin partiyaların və liderlərinin adlarını hüquq mühafizə orqanlarına açıqlamalıdır: "Müsavat başqanı bunu etməklə Azərbaycan cəmiyyəti qarşısında böyük xidmət göstərmiş olacaq. Uzun müddətdir ki, bəzi iqtidaryönümlü təşkilatlar müxalifəti xarici dövlətlərə işləməkdə ittiham edir. Biz isə bunun belə olmadığını deyirik. Sanki, İsa Qəmbər etiraf edir ki, Azərbaycan müxalifəti xarici qüvvələrə işləyir. İsa Qəmbərlə iqtidar yönümlü təşkilatların fikirləri ilə üst-üstə düşməsi başqana qarşı bəzi şübhələri ortaya qoyur. Müəyyən qüvvələr müxalifəti xarici dövlətlərə işləməkdə ittiham edəndə birinci Müsavatın adını çəkirlər. Bu gün isə bu fikirləri İsa Qəmbər irəli sürür. İsa Qəmbər onun partiyasına qarşı irəli sürülən ittihamlardan yaxa qurtarmaq üçün bu cür fikirlər səsləndirir. Müsavat başqanının bu açıqlaması onun seçki kompaniyasının ən uğursuz piarıdır. Müsavat başqanının bu bəyanatı çox zərərlidir. Bu anonim açıqlama birinci Müsavat Partiyasının özünün maraqlarına ziddir. İsa Qəmbər konkret şəkildə həmin partiyalar və liderlərinin adlarını açıqlamalıdır. Müsavat başqanı həmin adları açıqlamasına şahidlik etməkdən utanmamalıdır. İsa Qəmbərin bəyanatı müxalifətin bir araya gəlməsini istəməyən Müsavatın mövqeyidir. Düzdür, bəzi partiyalar var ki, Rusiya, Türkiyə, Qərb və İran yönümlüdür. Bu bir siyasi mövqedir. Bunu xarici dövlətlərə işləmək kimi qiymətləndirmək olmaz. Əksinə həmin partiyalar bu dövlətlərin tapşırıqlarını yerinə yetirirlərsə, təxribat hazırlayırlarsa, daxildə qarşıdurmalar üçün zəmin yaradırlarsa, bu agentlik sistemidir. Belə bir fakt varsa İsa Qəmbər buyurub adlarını açıqlasın, əks halda isə o, dövlətə xəyanət edən qüvvələrə göz yummuş olacaq" ("OLAYLAR" İA)