Molla rejimi “Yelena Frias kartı”ndan Əhmədinejada qarşı istifadə edir

Qabil Hüseynli: “BBC, Avronyus kimi nüfuzlu telekanallar Əhmədinejadın dediyi sözləri və hərəkətləri tez-tez təkrarlayırlar”

İranın vitse-prezidenti Məhəmmədrza Mirtacəddini "Mərdom Salari" qəzeti, "Əsr-e İran" və "Entexab" internet saytlarını məhkəməyə şikayət edib.  Məhəmmədrza Mirtacəddini buna səbəb kimi Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində iştirak etmiş İran prezidenti Mahmud Əhmədinejadın mərhumun anası Yelena Friasla şəkillərinin yayılmasını göstərib. Mirtacəddinin sözlərinə görə həmin mətbuat orqanlarının iddiaları doğru deyil və şəkillər montaj olunub: "Mən də Venesuela prezidentinin dəfn mərasimində iştirak etmişəm və belə bir hadisə baş verməyib".

"Mahmud Əhmədinejad Uqo Çavesin dəfn mərasimində o qədər kövrəlmişdi ki, sanki o, özünün ən yaxın adamlarından birini itirmişdi. Hətta televiziyalarda onun Uqo Çavesin yenidən zühur edəcəyi kimi fikirləri səsləndirilidi" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə bu amil İslam dünyasında və İranda çox ciddi etirazlara səbəb oldu: "İslami nöqteyi-nəzərindən Əhmədinejad çox ciddi "ideoloji xəta"ya yol vermiş və bir növ bu "nöqsan"ları ilə İslamın Xızır peyğəmbərlə bağlı ehkamını "şübhə" altına qoydu. Bununla da molla rejimi tərəfindən prezidentin hansı dini dünyagörüşə sahib olduğunu üzə çıxardı. İndiki məqamda isə Əhmədinejad dediyi sözlərdən və elədiyi hərəkətlərdən imtina etməyə çalışa bilər, amma BBC, Avronyus kimi nüfuzlu telekanallar Əhmədinejadın dediyi sözlər və hərəkətlərini tez-tez təkrarlayırlar. Belə olan təqdirdə isə Əhmədinejadın həmin faktları təkzib etməsi heç nəyi dəyişməyəcək. Məsələ həmişə Mahmud Əhmədinejadı qınaq obyektinə gətirəcək və onu İran din alimlərinin qarşısında gözükölgəli edəcək. Həmin adamlar bu amildən öz məqsədlərinə çatmaq üçün istifadə edəcəklər" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00