Ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələr var
18 Mart 2013 17:18 Siyasət"Ölkədə sabitliyi pozmağa cəhd edən, bu iyrənc əməlləri söz, sərbəst toplaşmaq azadlığı ilə malalamağa səy göstərən daxili və xarici qüvvələr mövcuddur. Sözdə qanunun aliliyindən, demokratiyadan, qanunu pozanlara qarşı ciddi mübarizə aparılmasının vacibliyindən gen-bol danışan bu insanlar qeyri-qanunu, razılaşdırılmamış aksiyaların keçirilməsinə görə cəzalandırılanda nədənsə qanunları nəzərə almırlar". Bunu deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, Azərbaycan xalqı razılaşdırılmamaış mitinqlər, küçə yürüşlərinin əlehinədir: "Çünki belə qanunsuzluqlar, anarxiya, yersiz aksiyalar, mitinqlər ötən əsrin 90-cı illərində torpaqlarımızın, kənd və şəhərlərimizin düşmən tərəfindən işğal edilməsi, yüz minlərlə soydaşımızın qaçqın və köçkün düşməsinə, ölkəmizin sərvətlərinin talanması və beynəlxalq aləmdən təcrid olunmasına imkan yaratdı. Biz keçmişin dərslərindən ibrət götürməliyik. Qanundan kənar, icazəsiz hər hansı aksiyaların keçirilməsinə, qarşıdurmaya rəvac verən təbliğatın aparılmasına yol vermək olmaz".