“Facebook” amili arxasında təşkilatlanmış bir şəbəkə dayanır
Fəzail Ağamalı: “ Bu şəbəkənin də ola bilsin ki, maliyyə təminatı xaricdən gəlir”
18 Mart 2013 17:10 Siyasət"Bu gün radikal müxalifətin proseslərə təsiretmə imkanlarının olmadığını görən və Azərbaycanda hakimiyyəti öz xeyirlərinə dəyişmək istəyən qüvvələr gənclərin imkanlarından daha çox istifadə etməyə çalışırlar". Bunu millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AXCP sədri Əli Kərimlinin son günlər beynəlxalq təşkilatlara qarşı səsləndirdiyi ittihamlara münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, müəyyən qrup gənclər "facebook", sosial şəbəkələr vasitəsilə küçələrə axışırlarsa, bu, artıq öncədən təşkilatlanma xarakteri daşıyır: "Mənə elə gəlir ki, "facebook" amili arxasında kifayət qədər təşkilatlanmış bir şəbəkə dayanır. Bu şəbəkənin də ola bilsin ki, maliyyə təminatı xaricdən gəlir. Mənim buna qətiyyən şübhəm yoxdur. Bu da görünür, Əli Kərimli və onun tərəfdarlarını, onun kimilərini ola bilsin ki, qıcıqlandırır. Ancaq hər halda düşünürəm ki, vəziyyətə tam nəzarət etmək lazımdır və bu cür anarxist qüvvələrə imkan vermək olmaz ki, Azərbaycanda əldə olunan nailiyyətlərin, uğurların üstündən xətt çəkilsin. Çünki faktiki olaraq bu cür davranışlar nəticə etibarilə Rusiyanın, Ermənistanın və İranın maraqlarına tamamilə uyğun olar".