Gənclər BMT baş katibinə bəyanat göndərdi
18 Mart 2013 11:41 SiyasətAlmaniyada fəaliyyət göstərən "Almaniya Azərbaycanlı Gənclər Birliyi" 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BMT-nin Baş Katibi Pan Ki-Moona ünvanlanan bəyanat qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, bəyanatda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi aramsız soyqırım və deportasiya siyasəti, 1918-1920-ci illərdə Azərbaycan xalqını yer üzündən silmək niyyəti ilə törətdiyi qırğınlar - 700 mindən çox insanın amansızlıqla qətlə yetirilməsi, bütöv şəhər və kəndlərin talan edilməsi haqqında məlumat verilir. "Almaniya Azərbaycanlı Gənclər Birliyi" BMT və Beynəlxalq təşkilatları bu soyqırım faktına göz yummamağa, ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır. Bəyanatda həmçinin bu qurumlardan ədalətin tezliklə öz yerini tapması, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunması, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası, əsir və girovlar azad olunması tələb edilir.