Hakimiyyət ABŞ-ın Milli Demokratiya İnstitutunun fəaliyyətini araşdıracaq
Əli Həsənov: “Bütün xarici təşkilatların Azərbaycana ünvanladığı təzyiqlərə Azərbaycan xalqının və dövlətin milli maraqları çərçivəsində yanaşırıq”
15 Mart 2013 20:30 Siyasət"Azərbaycan hakimiyyətinə heç bir beynəlxalq qurum, nə də ki, QHT-lər təzyiq göstərə bilməz!" Bunu deyən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə hakimiyyətin bu və ya digər qərarlarına qarşı, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətə qarşı, onun Cənubi Qafqazda reallaşdırdığı transmilli layihələrə qarşı, onun təhlükəsizlik siyasətinə qarşı, enerji siyasətinə qarşı xarici partnyorlarla ikitərəfli və çoxtərəfli münasibətlərinə qarşı müxalif mövqe nümayiş etdirən təşkilatlar olub. Ə.Həsənov bildirib ki, həmin qüvvələr arasında istər dövlətlər, istər QHT-lər, istərsə də hökumətlərarası təşkilatlar var: "Bütün bu təşkilatların Azərbaycana ünvanladığı bütün təzyiqlərə Azərbaycan xalqının və dövlətin milli maraqları çərçivəsində yanaşırıq. Azərbaycanın maraqları ilə üst-üstə düşən maraqlara müsbət yanaşırıq, uyğun gəlməyənləri qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur". Əli Həsənov bildirib ki, mətbuatda QHT-lərin, o cümlədən ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı çoxlu sayda məlumatlar və faktlar yayımlanıb. Ə.Həsənovun sözlərinə görə həmin faktların həqiqətəuyğun olub olmayacağı araşdırılacaq: "Biz mətbuatda gedən bütün məlumatlara - istər hakimiyyətlə, istərsə də cəmiyyətlə olsun onlara diqqətlə yanaşırıq. Həmin faktlar istər Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri, istərsə də QHT-lə olsun, onların hamısı araşdırılacaq. MDİ haqqında mətbuatda gedən bütün faktlar araşdırılacaq və təşkilatın fəaliyyəti barədə qərar veriləcək" (OLAYLAR İA)