Türkiyənin Azərbaycanla əlaqələrində səmimiyyət yoxdur

Türk hakimiyyətinin ermənipərəst siyasəti Türkiyə-Azərbaycan münasibətlərini aqressivləşdirir

Türkiyə hakimiyyətinin Ermənistanla bağlı yürütdüyü siyasət xüsusilə Azərbaycan tərəfindən haqlı narazlıqlarla qarşılanır. Prezident Abdullah Gülün ermənilərlə bağlı atdığı siyasi addım isə bu narazılıqların kulminasiya nöqtəsi sayılır. Radikal erməni millətçiliyini təbliğ edən "Aqos" qəzetinin Türkiyə Hava Yolları şirkəti vasitəsilə limanda sərnişinlərə pulsuz paylanması, Ermənistanda Serj Sarkisyanın növbəti dəfə saxtakarlıqla seçilməsindən sonra Rusiyadan sonra Abdullah Gül tərəfindən təbrik edilməsi həmin narazılıqların mərkəzində qərar tutur. Çox təəssüflər olsun ki, Azərbaycanın qardaş deyib bağrına basdığı Türkiyə tərəfindən millətimizi incik salan ilk belə faktlar deyil. 2009-cu ildə Qərb və ABŞ-ın təzyiqi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dair "futbol diplomatiyası"nın türk hakimiyyəti tərəfindən qəbul edilməsi və həmin məsələyə uyğun olaraq İsveçrədə Sürix protokollarının imzalanması da eyni qəbildən olan ssenarilərdir. 2008-ci ildə Türkiyədən Ermənistana 11.300 yük avtomobilinin keçməsi onu göstərdi ki, vəziyyət heç də üzdə görünən kimi deyil. Türk dövlət və özəl şirkətləri ermənilərlə kifayət qədər isti münasibətdədirlər. Məsələnin ən pis tərəfi isə ondan ibarətdir ki, Ermənistanda əsas brend mallar Türkiyə istehsalı olan məhsullardır. Söz yox ki, bu gün Ermənistan bazarları türk malları ilə dolub daşır. Əslində Türkiyə hakimiyyətinin Azərbaycana qarşı qərəzi 2009-cu ildə özünü açıq müstəvidə bir daha göstərib. Türkiyənin "AtlasJet" Hava Yolları şirkətinin həmin ildə İstanbuldan İrəvana həftədə 3 dəfə təyyarə relsi etməsi hakimiyyət tərəfindən təkzib edildi. Lakin, şirkət rəsmisi Əminə Öztürk hakim dairələrin bu iddiasını öz açıqlaması ilə alt-üst elədi. Əminə Öztürk türk mətbuatına açıqlamasında bildirdi ki, İstanbuldan İrəvana həyata keçirilən təyyarə relsləri tamamilə Türkiyə Xarici İşlər Nazirliyinin xüsusi tapşırığıdır. Məsələdə "AtlasJet" heç bir məsuliyyət daşımır. Türkiyə hakimiyyəti vəziyyəti o qədər kritikləşdirir ki, Azərbaycan tərəfi Türkiyə tərəfindən şok üstünə şok yaşamaqdadadır. "Van Way Airlines" şirkətinin apreldə İrəvan-Van reysinin açması xəbərinin arxasından Türkiyə hakimiyyətinin Ermənistan siyasətilə bağlı daha bir faktı Azərbaycan mətbuatında bomba kimi partladı. Türkiyə mətbuatının məlumatına görə Qaziantep, Trabzon, Ankaradan İrəvana açıq şəkildə təyyarə reysləri həyata keçirilir. Abdullah Gül hakimiyyətinin nümayiş etdirdiyi siyasi oyunun ekran görüntüsü odur ki, Türkiyə özünün siyasi maraqları naminə Azərbaycandan üz çevirib. Məsələdə ən üzücü məqam isə ondan ibarətdir ki, Abdullah Gülün atdığı bu addımlar türk ictimaiyyəti tərəfindən etirazla qarşılanmır. Türk mətbuatı hakimiyyətin Azərbaycanın heçə alınmaması amilinin içərisində olan bu gedişləri Türkiyənin "demokratiya zəfəri" kimi qeyd edirlər. Lakin, bu demokratiya deyil. Abdullah Gülün bu manevri özündə  gizlətdiyi erməni xislətinin büruzə olunmasıdır. Anası erməni olan Abdullah Gülə nə dövlət, nə də ki, millət səviyyəsində təpkilər göstərilmir. Ən pisi isə odur ki, Azərbaycan xalqı tərəfindən sevilən Baş nazir Rəcəb Tayyib Ərdoğan da Abdullah Gül hakimiyyətinin erməni ssenarisinin oyunçusu imicini formalaşdırıb. Lakin, Gül hökumətinin erməni sevgisinə baxmayaraq Ermənistan tərəfi Türkiyəyə olan ərazi və erməni soyqırımı iddialarından geri çəkilmir. Nə də ki, Azərbaycan Türkiyəni özündən incik salacaq qərarlar qəbul etmir. Azərbaycanın Türkiyəyə qarşı münasibətləri qardaşlıq yox, aqressiv elementlərlə zəngin olsaydı, rəsmi Bakı fevralda yunan Kiprində keçirilən prezident seçkilərində qalib gəlmiş Nikos Anastasiadisi təbrik edərdi. Etmədi. Ona görə etmədi ki, Azərbaycan millətinin bir türklük qüruru var və bu qürur öz genindən olan milləti üzmək iqtidarında deyil. Əgər Türkiyə ermənilərin soyqırım məsələsində haqsız olduğunu qəbul etsəydi, bütün dövlətlərdən qabaq Xocalı soyqırımını parlamentin müzakirəsinə çıxarıb qəbul edərdi. Türkiyə isə bu gün Xocalı soyqırımında o qədər də maraqlı olan tərəf deyil. Türkiyənin siyasi və iqtisadi maraqları onu Azərbaycanla yaxınlaşmağa vadar edir. Bu fakt bir dəfə Mustafa Kamal Atatürk, İsmət İnönü, Əhməd Necdət Sezər, Turqut Özal nümunələrində isbat olunub. Lakin, Türkiyə ABŞ və Qərbdən qorxur. Türkiyə başa düşmür ki, onu Azərbaycandan başqa səmimiyyətlə dəstəkləyən ikinci dövlət yoxdur. Türkiyənin Qərb qorxusu Azərbaycanı özündən uzaqlaşdıracaq. Rəsmi Ankara rəhbərliyinin tez-tez səfər etdiyi Ağ Evin ən məxfi guşəsində Türkiyənin parçalanmaq planı yatır. Fakt qarşısında kor olan Türkiyə rəhbərliyi hələ də Azərbaycanla pozuculuq oyununa girişib. Hər halda Türkiyə hakimiyyətinin bu radikal addımları ona nüfuz gətirən amil deyil.

Mənsur Rəğbətoğlu   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00