“Xalq Cəbhəsi hökuməti hakimiyyətə gəlmək üçün Qarabağın işğalına razı olub” - MÖVQE
Cümşüd Nuriyev: “Kəlbəcəri, Şuşanı, Laçını verən adamların hamısı bu gün hakimiyyət iddiasında olanlardır”
15 Mart 2013 17:04 Siyasət"Hər ölkə öz milli maraqlarına uyğun siyasət aparır. ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, bu səbəbdən dünya siyasətində mühüm rol oynayırlar. Əlbəttə ki, biz gec-tez öz torpaqlarımızı geri qaytaracağıq. Bunun üçün ilk növbədə danışıqlar aparırıq. İnanıram ki, problem gec-tez həllini tapacaq". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında belə deyib. "Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı konkret vaxt demək çətinləşib. Qərbin, ABŞ-ın, Rusiyanın Azərbaycana təzyiqləri artıb, digər tərəfdən ölkə seçki ilindədir, müxalifətin siyasi biznesi çiçəklənməyə başlayıb. Bütün bunların fonunda Qarabağ probleminin həlli indiki məqamda mümkün deyil" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə Azərbaycan uğrunda ayrı-ayrı siyasi qütblərin mübarizəsi başlayıb və respublika bu mübarizənin içərisində məhv ola bilər: "Qərbin, ABŞ-ın Cənubi Qafqaz, Rusiyanın Azərbaycan, İranın Cənubi Azərbaycan, Ermənistanın Dağlıq Qarabağ, müxalifətin hakimiyyətə gəlmək, Azərbaycanın ərazi bütövlüyü marağı Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış siyasi hərəkətliliyi passivləşdirir. Lakin, Azərbaycan tezliklə Dağlıq Qarabağ münaqişəsini öz lehinə həll edəcək. Çünki, Azərbaycanın başqa çıxış yolu yoxdur. Məsələnin öz həllini tapması üçün Azərbaycanda gedən siyasi oyunlar da başa çatmalıdır. Hal-hazırda Azərbaycan müxalifətində elə bir siyasi qüvvə yoxdur ki, o vaxtilə hakimiyyətdə olmayıb və Qarabağ onun hakimiyyətinə qara ləkə kimi yaxılmayıb. Bəzi siyasi qüvvələrin əlilə Rusiya Dağlıq Qarabağı işğal etdi. İndi sinəsinə döyən, guya vaxtilə Xankəndində ermənilərin qarşısını alan, hay-küy salanların hamısı Azərbaycanda hakimiyyətə gəlmək üçün Rusiya ilə müqaviləyə girdilər. Xalq Cəbhəsi bir il hakimiyyətdə olduğu müddətdə Azərbaycana elə bir divan tutdu ki, Azərbaycan hələ də bu bəladan çıxa bilmir. Xalq Cəbhəsi Kəlbəcəri Rusiyaya verməklə Dağlıq Qarabağın inzibati ərazisindən münaqişəni çıxararaq Azərbaycanın digər ərazilərinə keçirdi. Xalq Cəbhəsi guya Rusiyanı aldatdı ki, sonra BMT məsələni həll edəcək. Bu günədək BMT Qarabağ münaqişəsini "həll edir". Kəlbəcəri, Şuşanı, Laçını verən adamların hamısı bu gün hakimiyyət iddiasında olanlardır" " ("OLAYLAR" İA)