Barak Obama İranın qarşısında baş əyməsini istəyir - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Məsələnin diplomatik və ya müharibə variantlarının hamısı ABŞ-ın İranın zəngin neft yataqlarına sahib olmasından irəli gəlir”
15 Mart 2013 14:03 Siyasət"Barak Obama İranın nüvə proqramına görə rəsmi Tehranla məsələnin diplomatik yollarla həllinin tərəfdarı olmasını deyəndə İranın ABŞ qarşısında baş əyməsini nəzərdə tutur". Politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Barak Obamanın açıqlamasına münasibət bildirərkən belə deyib. ABŞ-ın İran nüvə proqramından geri çəkilməsini və zənginləşdirdiyi uranı Ağ Evə təhvil vermək istəyinin olmasını deyən Zərdüşt Əlizadənin sözlərinə görə məsələnin diplomatik və ya müharibə variantlarının hamısı ABŞ-ın İranın zəngin neft yataqlarına sahib olmasından irəli gəlir: "Rəsmi Vaşinqton İranın neft yataqlarına sahib olmaq üçün müharibə etməklə İrana ziyan vurmaq istəmir. Amerika düşüncə tərzinə görə Ağ Ev İranda iqtisadi maraqlarını təmin etmək üçün ən yaxşı variant məsələnin diplomatik yollarla həll edilməsidir. İran isə bunu yaxşı başa düşdüyündən təkidlə Amerikanın bütün qərarlarını rədd edir. Digər tərəfdən hal-hazırda Yaxın Orta Şərqdə Amerikanın bütün radikal siyasətini sərt şəkildə rədd edən yeganə dövlət İrandır. Bütün hallarda isə məsələdə ABŞ-ın iqtisadi və strateji maraqları dayanır" ("OLAYLAR" İA)