Əli Kərimlinin Qərbi tənqidinin arxasında nə dayanır? - SİYASİ ANALİZ

Son vaxtlar müxalifət cəbhəsi tərəfindən Birləşmiş Ştatlar və Qərbə qarşı sanki bir səlib yürüşünə start verilib. Xüsusilə, bu tendensiya müxalifətin İctimai Palata adlı qanadında özünü daha qabarıq şəkildə büruzə verir. Dünənə qədər Birləşmiş Ştatlar və Avropaya ümid qapısı, ağ atlı oğlan kimi baxan İctimai Palatadakı qüvvələr bu gün hər iki güc mərkəzini kəskin tənqid edir. Bu yanaşmaya xüsusilə İctimai Palatanın üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədri Əli Kərimli və partiyanın digər funksionerlərinin çıxışlarında açıq-aşkar rast gəlmək mümkündür. Məlumat üçün qeyd etmək yerinə düşər ki,  Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İctimai Palatanın sessiyasında çıxışı zamanı üzünü demokratik qüvvələrə və xalqa tutaraq "beynəlxalq təşkilatlardan nicat gözləməyin!" deyib. AXCP sədri bildirib ki, hər dəfə beynəlxalq təşkilatların bəyanatlarını ciddi şərh etməyə, onlara zaman ayırmağa dəyməz: "Xeyli vaxtdır, mən ən müxtəlif auditoriyalardan deyirəm ki, beynəlxalq təşkilatlardan nicat gözləməyin. Onların öz maraqları var. Onlar onu təmsil edirlər. Azərbaycan xalqı olaraq bizim nicatımız özümüzə bağlıdır. Buna inanmağımız vacibdir. Hər dəfə  beynəlxalq təşkilatlar ümidlərimizi doğrultmayanda böyük bir məyusluq yaşanır. Qurtarın daha onlardan! Əl çəkin onlardan".  AXCP sədrinin ardınca bu partiyanın funksioneri Razi Nurullayev də Qərbin bostanına daş atmaqdan çəkinməyib. AXCP-nin sədr müavini öz facebook səhifəsində bunları qeyd edib: "Son zamanlar hiss edirəm ki, bir neçəsini çıxmaq şərtilə beynəlxalq təşkilatlar da Azərbaycan reallığına öyrəşməyə başlayıblar. Harada olub-olmamasından asılı olmayaraq dəyərlər qalmalıdır. Avropa dəyərlərini bu qədər ucuz tutmaq olarmı? Əgər bu dəyərlər bu qədər ikili xarkaterlidirsə, ölkədən ölkəyə dəyişirsə, şəxsdən-şəxsə dəyişirsə, maraqlar üzərində qurulursa, onda Avropaya inteqrasiya nə dərəcədə etibarlıdır?"  Əli Kərimlinin timsalında Azərbaycan Xalq Cəbhəsi Partiyasının gözlənilmədən Qərbə qarşı aqressivləşməsi siyasi dairələrdə də maraq doğurub. Son günlərə qədər Qərbə ümid körpüsü kimi baxan AXCP-nin birdən-birə Qərbi hədəf götürməsinin arxasında görəsən nə dayanır?

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, birinci dəfədir ki, İctimai Palata və orada təmsil olunan partiyalar beynəlxalq təşkilatlar və qurumlar deyil, ictimaiyyətə müraciət edirlər: "Onlar adətən xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq dəstəyi bir qayda olaraq kənardan axtarırdılar. Nəticədə cəmiyyətdən onlara böyük bir qınaq olurdu. Görünür öz qüsurlarını artıq dərk edərək bu dəfə cəmiyyətə müraciət etməyə üstünlük veriblər. Görünür onlar adlarından da göründüyü kimi  artıq ictimaiyyətin palatası olmağa çalışırlar:

Millət vəkilinin sözlərinə görə, ictimaiyyətə müraciət etməyin özü onların sosial bazalarının zəifliyi, bu gün cəmiyyətdən böyük dəstək umduqlarını göstərir.

Azırbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev isə bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin nə vaxtsa belə bir çıxış edəcəyi gözlənilən idi: "Əslində Əli Kərimlinin belə bir fikirlər səsləndirəcəyini gözləyirdim. Ancaq bunu belə tez gözləmirdim". AYP sədri deyir ki, bir qayda olaraq beynəlxalq təşkilatları tənqid edənləri öz qəzetinə buraxmayan, bu cür şəxsləri öz tədbirinə dəvət etməyən, onlarla kəlmə belə kəsməyi özünə əskiklik hesab edən Əli Kərimli indi beynəlxalq təşkilatları tənqid etməyə başlayıb". Mayis Güləliyev  AXCP sədrinin sona qədər öz mövqeyində qalmayacağını da vurğulayıb.

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu müxalifət tərəfdən Qərbin və beynəlxalq təşkilatların tənqid edilməsinin ilk olmadığını söyləyib. Partiya rəsmisi bildirib ki, beynəlxalq təşkilatlara qarşı bü cür yanaşmalar zaman-zaman səsləndirilib: " Burada söhbət İctimai Palatanın beynəlxalq təşkilatlardan  dəstək alıb-almamasından getmir. Əli Oruclunun sözlərinə görə, bu birmənalı olaraq qəbul edilməlidir ki, ölkəmizin gələcəyi və nicatı özümüzdə, öz xalqımızın əlindədir: "Biz Əli Kərimlinin indi səsləndirdiyi bu fikirləri illər öncə bəyan etmişik". Azərbaycan Milli İstiqlal Partiyasının rəsmisi bildirib ki,  ancaq bəzi müxalifət kəsimi son vaxtlara qədər Qərbə, Birləşmiş Ştatlar və digər beynəlxalq təşkilatlara "ağ atlı oğlan" kimi ümid bəsləyir və siyasətlərini də onların maraqlarına uyğun qururdular: "Hətta onlar tərəfindən səslənən bəyanatlar və fikirlər də bunun  üzərində qurulurdu". Əli Oruclunun sözlərinə görə,  beynəlxalq təşkilatlar və supergüclər Azərbaycana sadəcə öz maraqlarının təminatçısı olan bir dövlət kimi baxırlar. Necə ki, müstəmləkəçi dövlətlər öz müstəmləkələrinə xammal bazası və plantasiyalar kimi baxırlar. Hesab edirəm ki, bütün müxalifət kəsimi Qərbdən, Amerikadan və ya hansısa xarici ölkədən hakimiyyətə gəlmək üçün dəstək gözləməməlidir. Hakimiyyətə gəlmək üçün yalnız və yalnız xalqın dəstəyi lazımdır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00