El hərəkatı müxalifəti parçalayır - SİYASİ ANALİZ

Qurum intriqa yuvasına çevrilir

El hərəkatının müxalifət daxilində birliyin və inteqrasiyanın yaranmasına mane olacağı ilə bağlı iddialar özünü doğrultmaqdadır. Qurum elan olunan 3 gün ərzində müxalifət daxilində söz atışmaları, replikalar da artıb. Hərəkat üzvlərindən biri Nurəddin Mustafayevin ənənəvi müxalifəti "gündəmə gəlmək üçün soyunan müğənnilərə" bənzədib təhqir etməsi düşərgədə narazılıq yaradıb. Siyasi şərhçi Eynulla Fərullayev El hərəkatını sərt tənqid edib. O, hesab edir ki, qurum köhnə təfəkkürlü kommunistlərin klubudur və ciddi ideyalar ixrac edə bilməz. Şərhçinin fikirlərində həqiqət var. El hərəkatının hansı yolu tutacağı Nurəddin Mustafayevin açıqlamasından da görünür. Yenə intriqa, yenə qarşılıqlı söz atışmaları və sonda məğlubiyyət.  El hərəkatının ardınca, "Ağrıdağ"çı cameəyə yaxınlığı ilə seçilən AMİP-in sədri Yusif Bağırzadə müxalifətin parçalanmasına hesablanmış  "Səkkizləri"n görüşünü yenidən keçirmək təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, bu formatda müxalifət partiyaları ötən ilin dekabrında "Asiman" restoranında görüşmüşdülər. O vaxt Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşə qatılmamışdı. Amma İctimai Palatadan AXCP həmin formatda keçirilən görüşdə iştirak etmişdi.  Adının çəkilməsini istəməyən İctimai Palata üzvlərindən biri bizimlə söhbətdə El hərərkatı və "Səkkizlər" formatının müxalifət üçün ciddi fəsadlar yaradacağını dedi: "Ağrıdağ" sədri Nurəddin Mustafayevin müxalifəti ittiham etməsi, ardınca AMİP sədri Yusif Bağırzadənin "Səkkizləri"n görüşünü keçirmək istəməsi təsadüfi deyil. "Ağrıdağ" El hərəkatını gücləndirmək, sonra isə Müsavatla AXCP-ni sıradan çıxarmaq istəyir. Yəqin ki yaxın vaxtlarda El hərəkatı Rəsul Quliyevlə də yaxınlaşacaq. Məqsəd AXCP ilə Müsavatı bir-birindən ayırmaqdır". İP üzvünün narahatlığı anlaşılandır. El hərəkatının əsas məqsədi elə İP-i dağıtmaqdır. İctimai Palata ömrünü bitirib və dağılmalıdır. Ənənəvi müxalifət çağa uyğun davrana bilmir və siyasi proseslərin arxasınca sürünür.  Amma məsələ burasındadır ki, İP-ə alternativ olan El hərəkatı da boşluğu doldurmaq gücündə deyil. Avropaya iinteqrasiya edən, Avropa həyat tərzi arzu edən Emin Milli, Elnur Məcidli İsa Qəmbəri belə  inkar edir. Bu gənclik regionçu bir quruma rəhbərlik etmiş Nurəddin Mustafayevi dinləməz  və onun ardınca getməz. Eldar Namazov və onu yarı yolda qoymuş Rüstəm İbrahimbəyov yeni qurum deyəndə bunu nəzərdə tuturdularsa, yanılıblar. Bu cür köhnə təfəkkürlüllər, vaxtı keçmiş sabiq kommunistlərlə uzağa getmək mümkün olmayacaq. Gənclər ənənəvi müxalifəti qəbul etmirlər. Amma AXCP sədri, Müsavat başqanı bu cür köhnə təfəkkürlü adamlardan xeyli gənc görünürlər. Eldar Namazov Nurəddin Mustafayev tipli fiqurların yardımı ilə protest elektoratın səsini almağa ümid edirsə, yanılır. Çünki Mustafayev 2003-cü ildə İsa Qəmbəri dəstəkləyirdi. Amma onun vəd verdiyi dəstək olmadı. O zaman ya "Ağrıdağ" Mustafayevi eşitmədi, ya da Nurəddin müəllim ürəkdən Müsavat dəstək vermədi. El hərəkatının missiyası bəllidir:müxalifəti parçalamaq. Amma Eldar Namazov bu adamlarla missiyanı vaxtından qabaq ifşa edəcək. Artıq Nurəddin Mustafayevlə bağlı İctimai Palatada ciddi narazılıq yaranıb. Yaxın günlərdə Müsavat və AXCP-nin təbliğat orqanlarında El hərəkatı, Eldar Namazov və Nurəddin Mustafayev barədə qara piar materialları yer ala bilər. Ona görə də Eldar Namazov bir müddət Nurəddin Mustafayevi geri çəkmək zorunda qalacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00