İranda prezident seçkilərindəki potensial namizədlər kimlərdir?

2013-cü ilin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün siyasi şəxsiyyətlər, partiyalar və düşərgələrdən nümayəndələr namizədliklərini irəli sürmək üçün yarışa çıxıblar və demək olar ki, hər gün bir nəfər öz namizədliyini irəli sürür. Hələ 2012-ci ilin dekabr ayında Üsulgəralar düşərgəsinin üç tanınmış siması (İran Parlamentinin sabiq spikeri Qulaməli Həddad Adil, ölkənin Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İran Polisinin sabiq komandanı və hazırda Tehran şəhərinin meri olan Məhəmməd Baqir Qalibaf) gələcək prezident seçkilərində iştirak etmək üçün koalisiya təsis etməklə bağlı razılığa gəldilər. "2+1" və ya "üçlük" kimi tanınan bu koalisiya əhali arasında keçiriləcək sorğuların nəticələrindən asılı olaraq öz aralarından və ya təmsil etdikləri düşərgədən başqa bir nəfərin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Üsulgəralar düşərgəsindən olan və dəyişikliklər istəyənlər kimi tanınan "İslam İnqilabının Davamçıları Cəmiyyəti tərəfindən (Cəmiyyət-e Rahpuyan) gələcək prezident seçkilərinə namizəd kimi hazırda parlament nümayəndəsi olan Əlirza Zakaninin namizədliyinin irəli sürüləcəyi gözlənilir. Zakani Üsulgəralar düşərgəsindən bir neçə şəxsin namizədliyinin bu düşərgə üçün təhlükə yaratmadığı halda mümkünlüyünü, lakin belə bir təhlükənin gözlənildiyi halda vahid namizədi dəstəkləməyin zəruriliyini vurğulayıb.

İranda 14 siyasi partiyanı özündə cəmləşdirən İmam və Ali Rəhbərin Yolunun Davamçıları Cəbhəsinin dəstəyi ilə öz namizədliyini irəli sürmüş Əhmədinejad hökumətinin sabiq xarici işlər naziri Mənuçöhr Müttəki də namizədliyini irəli sürmüş şəxslərdəndir. Müttəki namizədliyini irəli sürmək üçün bir il araşdırma apardığını və sonra qərar qəbul etdiyini deyib. O, müxtəlif çıxışları zamanı Əhmədinejad hökumətinin müxtəlif sahələrdə yürütdüyü siyasəti tənqid edib.

İmam və Ali Rəhbərin Yolunun Davamçıları Cəbhəsi Müttəkidən başqa həm də İran Parlamentinin vitse-spikeri Məhəmmədrza Bahünəri və İranın Ticarət Palatasının rəisi Yəhya Ali İshaqın da namizədliyini dəstəklədiyini bildirib. Namizədliyini irəli sürmüş şəxslər arasında İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandanı və Məsləhət Şurasının katibi Möhsin Rzayi də var. Rzayi namizədliyini irəli sürməklə yanaşı, artıq həm də ölkənin əyalətlərinə seçki marafonuna da başlayıb. Rzayi indiyədək iki dəfə prezident seçkilərində öz namizədliyini irəli sürüb. O, "Sədaqətin qüdrət və sərvətə qələbəsi" şüarı ilə öz təbliğatını aparır. O, ölkədəki işsizlik və bahalıq kimi problemlərin elmi əsaslara uyğun olaraq həll edəcəyini deyib. Hakim Üsulgəralar düşərgəsindən İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə ölkənin təhlükəsizlik naziri olmuş Əli Fəllahiyan da öz namizədliyini irəli sürərək potensial namizədlər sırasına daxil olub. İranın sabiq prezidentləri Məhəmməd Xatəmi, Əli Əkbər Haşimi Rəfsəncani və Əhmədinejadın prezidentliyi dövründə kabinetdə nazir kimi təmsil olunan Məhəmməd Səidikiya bu dəfə özünü prezident kimi sınamaq qərarına gəlib və öz namizədliklərini irəli sürüblər.

İranın Məsləhət Şurasının strateji araşdırmlar mərkəzinin sədri və İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Həsən Ruhani də namizədliyini irəli sürənlərdən biridir. Ruhani İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaniyə yaxın şəxslərdəndir.

2011-ci ildə Əhmədinejad hökumətini tənqid edən bir qrup siyasətçilər tərəfindən təsis olunmuş və Üsulgəralar düşərgəsinin bir qanadı hesab olunan İslam İnqilabı Stabillik Cəbhəsi də üç siyasi şəxsiyyətdən birinin namizədliyini irəli sürmək niyyətindədir. Cəbhənin ən çox dəstəklədiyi potensial namizədlər İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Səid Cəlili, sabiq energetika naziri Pərviz Fəttah və sabiq səhiyyə naziri Kamran Baqiri Lənkəranidir.

Üsulgəralar düşərgəsindən seçki marafonuna qoşulan şəxsiyyətlərdən biri də ölkənin Baş Müfəttişlik Təşkilatının rəisi Mustafa Purməhəmmədidir.

Üsulgəralar düşərgəsinin əsas rəqiblərindən olan müxalifətçi islahatçılar düşərgəsindən də seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayan bir neçə nəfərin adı məlum olub. Belə ki, müxaliflərin lideri sabiq prezident Məhəmməd Xatəminin birinci müavini olmuş Məhəmmədrza Arif öz namizədliyinin irəli sürüləcyini açıqlayıb. Artıq Arifin seçki təbliğat və təşviqat qərargahları fəaliyyətə başlayıb. Arif deyib ki, əgər Məhəmməd Xatəmi namizədliyini irəli sürərsə, o, öz namizədliyini onun xeyrinə geri götürəcək. İslahatçılardan seçki marafonuna qoşulan şəxslərdən biri də sabiq prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə ticarət naziri işləmiş Məhəmməd Şəriətmədarini göstərmək olar. Şəriətmədari də Xatəmi və ya Haşimi Rəfsəncani namizədliklərini irəli sürərlərsə, onlara dəstək olmaq məqsədi ilə namizədliyini geri götürə biləcəyini açıqlayıb. İranın Demokrat Partiyasının baş katibi və parlament nümayəndəsi Mustafa Kavakibian da namizədliyini irəli sürüb.

İran KİV-də prezident Mahmud Əhmədinejadın dəstəklədiyi namizəd kimi onun qudası və müşaviri olan İsfəndiyar Rəhim Məşayinin adı hallanır. KİV-in məlumatına görə, hakim Üsulgəralar düşərgəsində düşünürlər ki, Əhmədinejad öz planlarını həyata keçirmək üçün özünə yaxın şəxslərdən birinin namizədliyini dəstəkləyəcək. Rəhim Məşayi ilə yanaşı, dövlət sözçüsü Qulamhüseyn İlham, xarici işlər naziri Əli Əkbər Salehi, yol və şəhərsalma naziri Əli Nikzadın da adları da Əhmədinejadın dəstəkləyəcəyi potensial namizədlər sırasında hallanır.

Təmkin Cəfərov

Trend-in icmalçısı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00