Azərbaycandakı “Facebook inqilabı” Rusiyanın planıdır - AÇIQLAMA
Elşən Manafov: “Facebook”da faktla bağlı müəyyən informasiyaların yerləşdirilməsində Rusiyanın xüsusi xidmət orqanlarının əli var”
14 Mart 2013 13:08 Siyasət"Son günlər əsgər ölümlərinin qabardılması Rusiyanın Azərbaycandakı planlarının tərkib hissəsidir". Bu barədə avropa.info saytı məlumat verib. "Ermənistan ordusu tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulması nəticəsində Azərbaycanda əsgər ölümlərinin çoxalmasına səbəb olur. Müharibə şəraitində ordunun itkilər verməsi anlaşılandır. Lakin, anlaşılmayn o haldır ki, itkilərin əksəriyyəti qeyri-döyüş vəziyyətində baş verir" deyən politoloq Elşən Manafovun sözlərinə görə əsgər ölümlərini Rusiyanın xüsusi xidmət orqanlarının işi kimi qiymətləndirmək düzgün deyil: "Bunu hakim partiya da etiraf edir ki, əsgər ölümlərilə bağlı etiraz edən insanların sosial şəbəkələrə üz tutması günbəgün artır. Bəzi dövlətlərdə inqilab etmək üçün sosial şəbəkələr istifadə edilən əsas texnologiyadır. Ərəb dövlətlərində çevriliş planlarının həyata keçirilməsində sosial şəbəkə təcrübəsindən istifadə edilib. "Facebook"da faktla bağlı müəyyən informasiyaların yerləşdirilməsində Rusiyanın xüsusi xidmət orqanlarının əli var. İndiki məqamda Rusiya-Azərbaycan münasibətlərində problemlər yaşanır. Bunu da əsas səbəbi Azərbaycanın Rusiyanın Avrasiya İttifaqı və Gömrük İttifaqı təşkilatlarına qoşulmamasıdır. Hər hansı bir təşkilata qoşulub, ya qoşulmamaq Azərbaycan dövlətinin suveren hüququdur. Lakin, bununla bağlı Kreml Azərbaycan hakimiyyətinə təzyiqləri gücləndirir. Qəbələ RLS-dən sonra bu təzyiqlərin yüksələn xətlə artacağı istisna edilmirdi. Bununla bağlı Kremlin Azərbaycanla bağlı müəyyən layihələri var. Bu dəqiqdir ki, "EL" Təşkilatının da arxasında Rusiyanın müəyyən maraqları dayanır" ("OLAYLAR" İA)