Xamneyi və Əhmədinejad ayrı-ayrılıqda Məhəmməd Hatəmiyə qarşı təxribat planı hazırlayır
Əliyar Səfərli: “Ayətullah Əli Xamneyi kimi məsləhət görürsə İranda həmin şəxs prezident postunda əyləşir”
14 Mart 2013 13:08 Siyasət1997-2005-ci illərdə İran prezidenti postunu tutan Məhəmməd Hatəmi bu ilin iyununda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb. Hatəmi İranda islahat tərəfdarları kimi çıxış edən siyasətçilərdən ibarət seçki qərargahının yaradılması barədə göstəriş verib. Siyasi analitiklər hesab edirlər ki, Hatəmi hazırkı prezident Mahmud Əhmədinejadın ciddi rəqibi ola bilər.
Məsələyə münasibət bildirən Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərlinin sözlərinə görə Məhəmməd Hatəminin siyasi xətti və planları molla rejiminə uyğun gəlmir: "Buna görə İran Prezidenti Mahmud Əhmədinejad Məhəmməd Hatəmiyə qarşı təxribat hazırlayır. Hakimiyyətlə Hatəmi arasında böyük diversiya, təxribat işləri, ziddiyyətlər gedir. Hatəmi prezident və Xamneyi ilə çəkişmələrdə qalib gələ bilməyəcək. Hatəmi fars millətçisi olan bir şəxsiyyətdir və panfarsizmi müdafiə edir. İrandakı panfarsist qüvvələrin müəyyən hissəsi Hatəminin namizədliyini dəstəkləyir. Lakin, bu dəstək sonadək davam etməyəcək. Xamneyi isə mütləqiyyətini möhkəmləndirmək üçün öz namizədini seçərək irəli verəcək. Artıq İranın Ali Dini qurumu bu istiqamətdə proseslərə başlayıb. İran xalqının isə siyasi proseslərə münasibəti tamamilə zəifdir və həmin qüvvələrə qarşı mübarizə aparmaq iqtidarında deyil. Ayətullah Əli Xamneyi kimi məsləhət görürsə İranda həmin şəxs prezident olur. İranda hakimiyyət mütləqdir və xalq üzərində böyük təsir qüvvəsinə malikdir. Əgər Amerika İrana qarşı mübarizəni kəskinləşdirsə o zaman İranda hakimiyyət forması dəyişə bilər" ("OLAYLAR" İA)