“El” hərəkatının ictimai dəstəyə ümid etməsi mənasızdır - MİLLƏT VƏKİLİ
13 Mart 2013 16:54 Siyasət"Azərbaycanın müasir tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılıb. Nəticəsi hər kəsə məlumdur. Əminəm ki, "El" hərəkatı adı qoyulan layihənin taleyi müxalifətin ondan əvvəl yaradılmış təşkilatlarından heç nə ilə fərqlənməyəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. Hakim partiyanın rəsmisi deyib ki, səbəb çox sadədir: Çünki xalq onlara inanmır və etimad göstərmək istəmir: "Müxalifətin azsaylı bəlli nümayəndələri hansı konstruksiyada olur - olsun, birləşmələri, onların nə nüfuzunu, nə də gücünü artırır. Necə deyərlər, simalar bəlli, niyyətlər aydındır. Bir də ki, toplananların yerinin dəyişməsi cəmə təsir etmir".Əli Əhmədov qeyd edib ki, "El" hərəkatında toplaşanlar Azərbaycanın bu gününü deyil, keçmişini təmsil edir: "İllərdir onlar siyasi ambisiyalarını gerçəkləşdirmək üçün çox təşkilatlar yaradıb, nəyəsə nail ola bilməyiblər. Hər dəfə uğursuzluğa düçar olublar. İndi xalq onlara bir dəstə narazı kimi baxır. Uğursuz narazılar isə siyasi faktora çevrilə bilməz. Xüsusilə də bu narazılar çox kiçik azlıqda olanda. Bu mənada adının "El" olmasına baxmayaraq, həmin təşkilatın ictimai dəstəyə ümid etməsi mənasızdır. Nə bu təşkilatın, nə də ənənəvi müxalifətin Azərbaycanın siyasi mühitinə təsir etmək resursları yoxdur".