İran Qərbi aldatmağa çalışır, Qərb isə aldanmır - AÇIQLAMA
Rasim Musabəyov: “Rəsmi Tehranın BMT-yə məktub yazmağı ilə İrana qarşı olan şübhələr aradan götürülməyəcək”
13 Mart 2013 16:24 Siyasət"İran BMT-yə məktub ünvanlayaraq heç zaman nüvə silahı istehsalına cəhd etməyəcəyini bildirəcək. Bu Qərbin İrana qarşı sanksiyalarının mübahisəli nüvə proqramına görə deyil. Çünki, biz nüvə silahı istehsal etmək niyyətində olmadığımızı dəfələrlə bəyan etmişik. Sanksiyalar yalnız İranın inkişafının qarşısını almaq məqsədi daşıyır". İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi belə deyib. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyovun sözlərinə görə İran rəsmiləri tez-tez bu cür bəyanatlar səsləndirirlər: "Dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar İran diplomatlarının dilindən səsləndirilən fikirlərə inanmırlar. Konkret olaraq İranın MAQATE qarşısında öhdəlikləri var. Bu öhdəliklər çərçivəsində nəzarət təmin olunmalıdır. Bir neçə obyekt var ki, şübhələr yaradır və həmin obyektlərə nəzarət İran tərəfindən düşünülmüş şəkildə məhdudlaşdırılır, ya da ki əngəllər törədilir. Həmin bu faktlar dünya dövlətlərində İrana qarşı müəyyən şübhələr yaradır. Həmin şübhələr və narahatçılıqlar İranın BMT-yə məktub yazmağı ilə aradan götürülməyəcək. İran Qərbi aldatmağa çalışır, Qərb isə aldanmır" ("OLAYLAR" İA)