“İşğal faktı aradan qalxmayınca…” - Bahar Muradova

“Digər variantlar problemi həll etməyə kifayət deyil”

"Son illər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsədr dövlətlərin mövcud status-kvonun qəbulolunmazlığı haqda bəyanatlar verməsi Azərbaycanın prinsipial mövqeyinin, qətiyyətli siyasətinin nəticəsidir. Həmsədrlər əvvəldən də bilirdilər ki, status-kvo qəbuledilməzdir, amma bunu demirdilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri  yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova səsləndirib. Onun sözlərinə görə, həmsədrlər çalışırdılar ki, özlərinin həll variantına sadəcə, Azərbaycan razılıq versin: "Amma Azərbaycanın ardıcıl və qətiyyətli mövqeyi gətirib ona çıxardı ki, həmsədrlər vəziyyətin dəyişməsinin zəruriliyini vurğulayırlar. Status-kvo dəyişməlidirsə, ilk növbədə, Ermənistanın hərbi birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Çünki münaqişə Ermənistanın Azərbaycana qarşı təcavüz aktından başladığı üçün vitse-spikerin fikrincə, ilk növbədə, işğal faktı aradan qalxmalıdır". Bahar Muradova bildirib ki, münaqişənin həll olunmamasının yeganə səbəbi Ermənistan qoşunlarının ərazilərimizi işğal altında saxlamasıdır: "Əgər bu qoşunlar torpaqlarımızdan çıxsa digər problemlər öz-özünə aradan qalxacaq. Belə olan halda isə snayperlərin geri çəkilməsinə, insidentlərin araşdırılmasına ehtiyac qalmayacaq. Yəni işğal faktı aradan qalxmayınca, digər variantlar problemi həll etməyə kifayət deyil."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00