18 deputat Əhmədinejada yazılı xəbərdarlıq etdi

İran parlamentinin 18 deputatı prezident Mahmud Əhmədinejadın Venesuela prezidenti Uqo Çaveslə vida mərasimində şəriət qaydalarını pozduğunu iddia edən yazılı xəbərdarlıq yayıb. "Media forum" saytının məlumatına görə, xəbərdarlıqda deputatlar vida mərasimində Əhmədinejadın Uqo Çavesin anasını qucaqlayıb ona təsəlli verməsinə və tabutu öpməsinə etiraz bildiriblər. Əhmədinejada yazılı xəbərdarlıq edən deputatlar bunlardır: "Əli Mütəhhəri, Cavad Herəvi, İbrahim Ağaməhəmmədi, Ruhullah Beygi, Əhməd Şuhani, Məhəmməd Əlipur, Qulqamrza Əsədullahi, Məhəmmədbağır Şəriəti, Hadi Hüseyni, Kəmaləddin Pirmüəzzin, Hüseyn Əmiri, Səid Zamaniyan, Əmirabbas Sultani, Həmidrza Pəşəng, Əbdülkərim Hüseynzadə, Rəsul Xezri, Cavad Cahangirzadə və Tahiri. Etirazda bildirilir ki, prezident xarici ölkələrə səfərlərində beynəlxalq diplomatik prinsiplərə uyğun davranmalı, şəriət qaydalarına riayət etməli və qeyri-etik rəftarı ilə ölkənin beynəlxalq imicinə xələl gətirməməlidir.

İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Dehqan isə jurnalistlərə açıqlamasında deyib: "Ölkə prezidentinin beynəlxalq toplantılardakı rəftarı bir müsəlmanın şəninə layiq deyil. Bu kimi şübhəli rəftarlar nigaranlığa səbəb olur".

Deputat Məhəmmədmehdi Purfatimi jurnalistlərə deyib ki, prezidentdən başqa bir adam bu mərasimə qatılıb Uqo Çavesin anasını qucaqlasaydı, indi bir qrup adam küçələrə tökülüb aksiya keçirirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00