Müxalifətdə mövqe savaşı başlandı - SİYASİ ŞƏRH

El funksioneri ənəvəvi müxalifət təhqir etdi, söz savaşı qızışa bilər

Azərbaycan siyasi aləminə daha bir təşkilatın adı daxil oldu. Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazovun sədri olduğu qurum siyasi partiya olmasa da, seçki bloku da deyil.  Siyasi hərəkat kimi élan olunmuş qurumun əsas hədəfinin prezident seçkiləri olduğu aydındır. Xatırladaq ki, El hərəkatının Təşəbbüs qrupuna Eldar Namazovla yanaşı Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Əhmədov daxildir. Yeni  elan olunmuş El hərəkatına Azərbaycan cəmiyyətində münasibət birmənalı deyil. Hakim YAP-ın mövqeyini icra katibinin müavini Siyavuş Novruzov ifadə edib. O bildirirb ki, El hərəkatı yeni bir ideya deyil və yenilik gətirə bilməz: "Yeni EL hərəkatını elan edənlər nə yaradırlar yaratsınlar, özləri elə köhnə, eyni adamlardır. İnsanlar hərdən bir kostyumlarını dəyişdikləri kimi, bunlar da təşkilatlarının adlarını dəyişirlər. Bunlar da təşkilatlarını gah Ziyalılar Forumu adlanırlar, gah İctimai Palata adlanırlar və indi də EL hərəkatı adlanmağa başladılar. Bunlar bu və ya digər şəkildə cəmiyyətin diqqətini cəlb eləmək üçün atılan addımlardır. Hərəsi 3-4 təşkilat dəyişə-dəyişə gedirlər. Onların məramı gündəmdə qalmaq, şəxsi mənafelərini həyata keçirmək və maddi durumlarını zənginləşdirməkdir". Siyavuş Novruzovun sözlərində həqiqət var. Həqiqətən də El hərəkatı elə köhnə müxalifətin bazasında yaradılıb. Eldar Namazov da daxil olmaqla əksər üzv və fəallar bir zamanlar ənənəvi müxalifətin funksionerləri olublar. Onlar yenilikçi deyillər və yeni ideyalarla da çıxış edə bilməzlər. Bu qurumun yeganə məqsədi İctimai Palatanın yerini dar etmək, onların sosial bazasına şərik çıxmaqdır. Görünür, elə buna görədir ki, El mənəvi müxalifətdən dəstək ala bilmədi. El funksionerlərindən biri, "Ağrıdağ" cəmiyyətinin sədri Nurəddin Mustafayevin  ənənəvi müxalifətin ünvanına sərt ifadələr işlətməsi onu göstərir ki, İctimai Palata Eldar Namazovun El əleyhinə qara piarın dayandırılması xahişini yerinə yetirmək niyyətində deyil. Xatirladaq ki, Nurəddin Mustafayev El hərəkatının təsis yığıncağından sonra köhnə müxalifətin əleyhinə fikirlər səsləndirib.  

O deyib ki,  bəzi siyasətçilər indidən vurulmamış, öldürülməmiş ayının dərisini bölmək istəyirlər. Gəlin, birinci seçkiqabağı mühiti dəyişək, qalan şeyləri sonra - ikinci etapda bölərik. Mustafayev daha sonra El Hərəkatı hələ elan edilməmişdən bu təşəbbüsə neqativ yanaşanlara da mesaj göndərərək, onları təhqir etdi: "Şou biznesdə bəzi səsi olmayan müğənnilər soyunmaqla, boşanmaqla gündəmdə qalmağa çalışdıqları kimi, bəzi siyasi liderlər də yeni yaranan hərəkata qara yaxmaqla gündəmdə qalmaq istəyirlər". Maraqlıdır ki, bu açıqlamanı İctimai Palataya, özəlliklə də AXCP-yə yaxın sayt yayıb. Sayt Nurəddin Mustafayevi  "1993-1998-ci illərdə Şəki və Naxçıvanda öz əzazil idarəetməsi ilə ad qazanmış keçmiş kommunist funksioner" kimi təqdim edib. Bu təqdimat, Nurəddin Mustafayevin köhnə müxalifəti "gündəmdə qalmaq niyyəti ilə soyunan müğənnilərə" bənzətməsi ciddi ittihamdır və yaxın günlərdə müxalifət düşərgəsində baş verəcək hadisələrin anonsudur. Bu açıqlamaya Eldar Namazov tərəfindən  düzəliş olmasa, AXCP-Müsavat cütlüyü El hərəkatına qarşı qara piarı gücləndirəcək. Siyasi analitiklərin fikrincə, El hərəkatı siyasi meydana iddialı gəlib və məqsədi İctimai Palatanı sıxışdırmaq, müxalifət düşərgəsində önə çıxmaqdır. El-in ilk mərhələdə hədəfi ənənəvi müxalifətin mövqeyini ələ keçirməkdir. AXCP və Müsavat liderləri bunun fərqindədir. Bu baxımdan köhnə müxalifətlə El hərəkatı arasında söz savaşı şiddətlənə bilər. El-lə köhnə müxalifətin növbəti savaşı gənclər  hərəkatına və islamçı elektorata nəzarət etmək üstündə  olacaq.

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00