ABŞ və Avropa qorxusundan Şimali Koreyaya yardım edir - MÖVQE

Elşən Mustafayev: “Kommunizmin ifrat ideologiyasının hakim olduğu Şimali Koreyadan istənilən radikal addımı gözləmək mümkündür”

ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərə başlaması Şimali Koreya  tərəfini hiddətləndirib. Hərbi təlimlərə cavab olaraq Şimali Koreya 1953-cü ildə Koreya müharibəsinin başa çatmasını nəzərdə tutan sülh sazişinin qüvvədən düşdüyünü bəyan edib. Məsələyə münasibət bildirən AMİP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayevin sözlərinə görə ərəb dövlətlərində inqilabların başlanmasından da qabaq ABŞ və dünya güclərinin əsas hədəflərindən biri Şimali Koreya olub: "Çünki, Şimali Koreya nüvə silahına sahib olan dövlətdir. Digər tərəfdən məsələyə təsir edən əsas amillərdən biri ölkədəki hakimiyyətin ifrat kommunistlərin əlində cəmlənməsidir. Bu günə qədər də iqtisadi cəhətdən o qədər də gücə sahib olmayan Şimali Koreyaya rəsmi Pxenyanın sahib olduğu nüvə başlıqlarından qorxduqları üçün ABŞ və bəzi Avropa dövlətləri humanitar yardımlar edirlər. Çünki, istənilən halda kommunizmin ifrat ideologiyasının hakim olduğu Şimali Koreyadan istənilən radikal addımı gözləmək mümkündür. İnandırıcı görünmür ki, ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlamaqla Şimali Koreyaya müharibə mesajı verirlər. Əksinə bu təlim Cənubi Koreyanın müdafiəsini göstərən amildir. Çünki, Şimali Koreya həmişə rəsmi Seulu müharibə ilə təhdid edir. Şimali Koreyanın dövlət başçısı Kim Çen İn atasından da irəli gedərək yeni-yeni nüvə başlıqlarının istehsal edilməsinə göstəriş verib. Sözsüz ki, bu amil də Cənubi Koreyanın təhlükəsizliyi baxımından ciddi problemdir. Məhz Amerikanın məqsədi də Cənubi Koreya üzərindəki Kim Çen İn təhlükəsini sovuşdurmaqdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00