Millət vəkili: “Müxalifətin güclənmək şansı yoxdur” - FIKIR
12 Mart 2013 16:36 Siyasət"Siyasətin qızıl qanunu var, yəni, müxalifət o vaxt güclü olur ki, iqtidar öz vəzifəsini yerinə yetirə bilmir. Yaxud əksinə, iqtidar cəmiyyətin etimadını doğrulda, problemləri həll edə bilər". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyev hakimiyyəti öz üzərinə düşən vəzifəni yerinə yetirdiyinə görə, cəmiyyətin böyük bir hissəsi iqtidarı dəstəkləyir: "Bu baxımdan Azərbaycan müxalifətinin güclənmək, böyük sosial bazaya malik olmaq, ən əsası hakimiyyətə gəlmək şansı yoxdur. Başqa məsələ ki, istər- istəməz müəyyən qədər narazı təbəqə də var. Sadəcə olaraq, ambisiyalı insanlar var ki, hakimiyyətdə təmsil olunmaq istəyirlər. Müxalifətdə olan qüvvələr bir qayda olaraq, cəmiyyəti öz tərəflərinə çəkmək deyil, mövcud sosial bazanı öz tərəflərinə çəkməklə məşğuldurlar. Bununla belə, Azərbaycan müxalifətinin prinsiplərini, hamısını eyni rəngdə görmək düzgün olmazdı.Onlar yekcins deyillər. Radikal müxalifətdən, milli vətənpərvər müxalifətdən, maraqlarını, xarici dairələrin niyyətlərini həyata keçirməkdə müxalifətə qədər müxtəlif cinahlarımız var. Bunların hamısını Azərbaycan cəmiyyəti kifayət qədər yaxşı tanıyır. Əgər onlar seçkiqabağı güclənmək istəyirlərsə, hesab edirəm ki, burada onların şansları zəifdir".