Norveç Krallığı Gürcüstan azərbaycanlılarına diqqəti artıracaq

Daşqın Gülməmmədov: “Norveç Krallığı Gürcüstanda yaşayan türklərin siyasi və etnik hüquqlarını diqqətdə saxlamalıdır”

Martın 12-də Bakıda Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov Norveç Krallığının Azərbaycandakı və Gürcüstandakı Fövqaladə və Səlahiyyətli Səfiri Erlinq Şönsberq ilə görüşüb. Görüşdə Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Baş katibi Məhərrəm Ayvazov da iştirak edib. Rəsmi görüş zamanı Gürcüstandakı ictimai-siyasi vəziyyət, Gürcüstanın Avropaya inteqrasiyası, Gürcüstanda yaşayan türklərin hüquqlarının vəziyyəti və ölkədə demokratiyanın inkişafı prespektivləri mövzusunda fikir mübadiləsi aparılıb. 1 saatdan çox davan edən rəsmi görüş zamanı GTK prezidenti Daşqın Gülməmmədov Səfir Erlinq Şönsberqə Gürcüstanda yaşayan türklərin tarixi, mədəniyyəti, etnik xüsusiyyətləri və mövcud problemləri haqqında məlumat verib. Bildirib ki, demokratiyanın ocaqları sayılan Avropa dövlətləri, əsasən də Norveç Krallığı Gürcüstanda yaşayan türklərin siyasi və etnik hüquqlarını diqqətdə saxlamalıdır. Gürcüstanda yaşayan türklərin problemləri ilə tanış olan Səfir Erliq Şönsberq qeyd edib ki, Norveç Krallığı demokratiya və insan hüquqlarının qorunmasını əsas siyasi prioritetləri hesab edir və məsələləri diqqətdə saxlayacaq. Görüş zamanı Gürcüstan Türkləri Konfederasiyasının Norveçin ictimai-siyasi təşkilatları, insan hüquqlarını müdafiə qurumları ilə əlaqələrinin yaradılması razılaşdırılıb. Daşqın Gülməmmədov Səfir Erlinq Şönsberqi yerli əhalinin adət ənənəsi, mədəniyyəti və tarixi ilə tanış olmaq üçün Borçalıya dəvət edib. ("OLAYLA" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00