“El”in gücü, sel güc olacaqmı? - SİYASİ ANALİZ

Eldar Namazovun hərəkatı güc mərkəzinə çevirəcəyi inandırıcı deyil

Narazı elektoratın ümidlə gözlədiyi El Hərəkatı nəhayət elan olundu. Qurum öncədən də bəlli olduğu kimi Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazovun rəhbərliyi ilə fəaliyyət göstərəcək. Bir neçə gün öncə Eldar Namazov İctimai Palata liderləri ilə üçlükdə görüşmüş, yaradacağı təşkilata qarşı qara piarın dayandırılmasını xahiş etmişdi. Bu barədə AXCP-yə yaxın saytların biri məlumat verib. Sayt xəbər verir ki, Eldar Namazov AXCP fəallarının sosial şəbəkələrdə, Müsavat aktivlərinin isə qəzetlərdə apardıqları antiEl kampaniyasının durdurulmasını xahiş edib. Eldar Namazov inandırmağa çalışıb ki, Elə Hərəkatı müxalifətin güclənməsinə və Milli Şura yaradılması işinin sürətlənməsinə xidmət edəcək. Politoloqun El üçün liderlərə ağız açması əslində yaxşı hal deyil və yeni qurumun o qədər də ciddi təşkilat olmayacağından xəbər verir. Ciddi təşkilati, təbliğati resursları olan qurum hansısa partiyadan xahiş etməməli, öz gücünü qoymalı və rəqiblərini, hətta müttəfiqlərini hesablaşmağa vadar etməlidir. Eldar Namazov siyasi rica taktikasına üstünlük verdi. Əslində, Rüstəm İbrahimbəyovun siyasi mühacirətindən sonra El Hərəkatının siyasi nüfuzunu, siyasi çəkisini itirəcəyi bəlli məsələ idi. İbrahimbəyovun gedişindən sonra Eldar Namazov hərəkatı daha çətin duruma saldı. İctimai Palata fəallarının El hərəkatına qarşı qara piar aparmasının səbəbi bəllidir. Müsavat və AXCP liderləri prezident seçkilərinə başqa bir iddialının qatılmasını istəmirlər. Eldar Namazovun qurumu İctimai Palata boyda qurum olarsa, iddialıların sayı artacaq. Ona görə də El hərəkatı barədə qara piar aparılır ki, bu qurum güclənməsin, uzaqbaşı İP ətrafı dəstəkçi qurumlardan biri olsun. Eldar Namazovun və onu dəstəkləyən dairələrin planı odur ki, El hərəkatı güclənsin, Müsavat və AXCP səviyyəsində olsun, yaranacaq yeni müxalifət qurumunda-Milli Şurada bərabər əsaslarla təmsil olunsun. Əslində Rüstəm İbrahimbəyovun niyyəti elə bu idi. Kinodramaturq geniş tərkibli Milli Şuranı yarada bilməyincə ölkəni tərk etdi. İşi yarımçıq saxladı. Eldar Namazov isə bu missiyanı daşımaq gücündə deyildi. Onun yaratdığı El hərəkatının İbrahimbəyovun nəzərdə tutduğu qurum olmayacağı bəlli idi. Amma başqa yol da yoxdur. El hərəkatı adlanan qurum var və ortabab müxalifət partiyası qədər siyasi çəkiyə malikdir. El-in Müsavat və AXCP-dən fərqli olaraq təşkilati strukturları da yoxdur. Yeni, üçüncü qüvvə gözləyənlər üçün ən pis proqnoz ənənəvi müxalifətin Milli Şuraya da oxşar yanaşacağıdır. İctimai Palata rəhbərlərinin Milli Şuraya münasibəti də El hərəkatı kimi olsa, o zaman "böyük birlik" dən danışmaq olmayacaq. Köhnə müxalifətin gənclər təşkilatlarına yanaşması onu göstərir ki, onlar formalaşan yeni qüvvələrində öz əllərində olmasını istəyirlər. Bu yanaşma artıq Milli Şuranın hansı gücdə olacağını indidən bəlli edir. Ənənəvi müxalifət burada da dominantlıq eləməyə çalışacaq, Ziyalılar Forumu və El hərəkatının kölgədə qalmasına cəhd edəcəklər.

 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00