Millət vəkili Əhmədinejadın halına acıdı

Uqo Çavesin dəfnində şəkilmiş foto İranda ciddi narazılıq yaradıb. Belə ki, Uqo Çavesin dəfnində Əhmədinejadin Çavesin anasına sarılıb başsağlığı verməsi İranda ciddi problemlər yaradıb.Mühafizəkar millət vəkilləri bu hadisəni İslama təhqir hesab edib. Hətta dini dairələrdən prezidentə "ya dini ifadə işlətmə, ya da dini yaxşı öyrən" tövsiyəsi də gəlib. Millət vəkili Fazil Mustafa öz Facebook səhifəsində qeyd edib ki, həddən artıq radikal dinçiliyin sonu mütləq dinsizliyə gətirib çıxarır: "Bəlkə də ilk dəfədir İran prezidenti Əhmədinejadın halına acıdım. Venesuela prezidentinin 76 yaşlı anasına oğlunun ölümündən dolayı təsəlli verərkən qucaqladığı halda şəkli İranda böyük bir qalmaqala səbəb olub. İslam kimi insanı şərəfləndirən bir dini görün bir nə hala salıblar. İslamda deyilir ki, "əməllər niyyətə görə qiymətləndirilir.

Bunlar - iranlılar isə deyirlər ki, "əməllər şəkilə görə qiymətləndirilir". İndi bir xristianın, bir yəhudinin, bir ateistin bu dinə qarşı allergiyası nədən yaranmasın? Adamın niyyəti kədərli bir insana təsəlli verməkdir, bunu başqa cür yozmağın adı nədir? Yolda bir qadın qəzaya uğrayıb, ölümcül vəziyyətdədir, bir İslam mənsubu onu əlləri ilə götürüb xəstəxanaya çatdırmasın ki, naməhrəmə toxunmaq olmaz?

Odur ki, son dərəcədə radikal dinçiliyin sonu mütləq dinsizliyə gətirib çıxarır. Xöşgörü, mərhəmət, ədalət dinini nifrət, qəzəb, qisas dininə çevirənlərdən Allah məmləkətimizi qorusun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00