Azərbaycan bayrağı Kaliforniya Ştat Senatında qaldırıldı

Kaliforniya ştatının ən ali qanunverici orqanı olan Ştat Senatının dəvəti ilə Azərbaycan nümayəndə heyəti martın 11-də ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olmuşdur. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkilləri Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarova, AR Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən ibarət olmuşdur.

Səfər günü Kaliforniya Senatının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılama mərasimi keçirilmişdir. Bu münasibətlə Senatda Azərbaycan bayrağı qaldırılmışdır.

Mərasimdə çıxış edən Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəri Bob Haff, Azərbaycanın müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu bildirərərək, Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu qeyd etmiş və hər iki ölkənin qlobal və regional enerji və təhlükəsizlik maraqlarını bölüşdüyüni diqqətə çatdırmışdır. Azərbaycana 2011-ci ildə digər senatorlarla etdiyi səfəri xatırlayan Senator Haff səfər müddətində güclü iqtisadi inkişaf yolunda olan və uzaqgörən insanlara malik ölkə gördüklərini söyləmişdir. Senator bildirmişdir ki, 2006-cı ildən bəri Los Ancelesdə baş konsulluq ilə təmsil olunan Azərbaycan Kaliforniya ilə bir sıra sahələrdə əlaqələr yaratmış və bu əlaqələr gündən-günə genişlənməkdədir.

Sonra söz nümayəndə heyətinin sədri millət vəkili S.Seyidova verilmişdir. S.Seyidov səmimi qəbula görə senatorlara təşəkkürünü bildərərək, bu səfərin bir dostluq səfəri olduğunu və Azərbaycan-ABŞ münasibətlərinin daha da sıxlaşdırılmasına töhfə vermək məqsədi daşıdığını qeyd etmişdir. Azərbaycanın ABŞ ilə bir sıra ortaq dəyərləri bölüşdüyünü söyləyən millət vəkili Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin yüksək önəm daşığını qeyd etmiş və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırmışdır. Hər iki dövlətin daim bir-birini dəstəklədiyini vurğulayan S.Seyidov Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələrdən, eləcə də İraq və Əfqanıstanda Azərbaycan və Amerika əsgərlərinin çiyin-çiyinə döyüşməsindən bəhs etmişdir. Dini və etnik dözümlülüyün Azərbaycanda həyat normasına çevrildiyini bildirən millət vəkili ölkəmizdə çoxlu sayda sinaqoq və kilsələrin sərbəst fəaliyyət göstərdiyini qeyd etmişdir.

Mərasimdən sonra bir sıra Kaliforniya senatorları nümayəndə heyətinə yaxınlaşaraq, Azərbaycanın mühüm və çətin bir bölgədə ABŞ-ın dostu olmasına görə təşəkkürlərini bildirmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00