Milli Demokratiya İnstitutunun gizli planı - GÜNDƏM

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi tapşırığı ilə həyata keçirilir

Jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi "haqqın.az" saytında sensasion məqalə ilə çıxış edib və ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun (MDİ) ölkədə "facebook inqilabı"nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. Azərbaycanın ABŞ-ın Yaxın Orta Şərq planının əsas tərkib hissəsi olmasını nəzərə alaraq E.Fətullayevə hardasa haqq qazandırmaq olar. Çünki, MDİ Azərbaycana qədər Gürcüstan, Moldova, Ukrayna, Qırğızıstanda baş vermiş siyasi qarşıdurmalarda mühüm rol oynayıb. MDİ adətən fəaliyyət göstərdiyi dövlətlərdə məxfi məlumatları ABŞ-ın xüsusi xidmət orqanlarına ötürməklə məşğul olur. Vaxtilə MDİ-nin həmin ölkələrdəki milli nümayəndəliklərinin rəhbəri olmuş Aleks Qriqorevs baş verən hadisələrdə yaxından iştirak etmiş, müxalifəti, qeyri-hökumət təşkilatlarını maliyyələşdirmiş və istiqamətləndirmişdir. Bu gün İnstitutun Bakı ofisinin rəhbəri (qeyd edək ki, bu şəxsin seksual azlıqlara mənsub olduğu bildirilir və onun yaxın əhatəsi müxalifyönlü NİDA təşkilatının fəallarıdır) Aleks Qriqorevs vaxtilə Moldovada təşkil etdiyi "Tvitter inqilabı"na görə bu ölkədən deportasiya olunub. Tam şəkildə demək mümkündür ki, MDİ ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən kəşfiyyat orqanıdır. Çünki, İnstitut ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi planı əsasında yaradılıb. MDİ-nin məhz seçki ilində Azərbaycandakı gizli fəaliyyətini açıq müstəviyə çıxmasının əsl səbəbi ABŞ-ın Azərbaycana qarşı strateji marağından qaynaqlanır. Amerika MDİ və onun əlilə bəzi daxili qüvvələri öz tərəfinə çəkərək Azərbaycanda inqilab həyata keçirmək niyyəti güdür. Bu çərçivədə müxalifyönlü NİDA təşkilatının adı MDİ ilə birgə hallanır. Buna cavab olaraq 8 mart 2013-cü il tarixində Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu NİDA Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə birgə məlumat yaydı. Baş Prokurorluğun mətbuat xidmətindən yayılan açıqlamada Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində NİDA Vətəndaş Hərəkatının üzvləri - Əzizov Məhəmməd Rasim oğlu, Quliyev Bəxtiyar Səməndər oğlu və Novruzlu Şahin İbrahim oğlu yaşadıqları mənzildə həbs olundular. Əməliyyat zamanı gənclərin yaşadıqları mənzillərdən müxtəlif miqdarda narkotik vasitələr, butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye və Şahin Novruzlunun evindən 94.000 manat pul ələ keçirilib. NİDA-dan başqa MDİ digər müxalifyönlü gəncləri tərəflərinə çəkərək onları maliyyələşdirir, silahla təmin edir və hakimiyyətə qarşı qoyur. Hətta, kəşfiyyat orqanının Azərbaycanın digər böyük şəhərlərində - Gəncə, Sumqayıt, İsmayıllı, Lənkəran, Naxçıvanda gizli şəkildə təşkilatlandığı bildirilir. Təşkilatın azərbaycanlı üzvləri tez-tez rayon yerlərinə gedərək ali məktəb tələbələri arasında təbliğat işləri aparırlar. Məqsəd prezident seçkilərinə qədər Azərbaycanda inqilab ab-havası yaratmaqla cəmiyyəti xaosa itələməkdir. İranla müharibə ərəfəsində Azərbaycanın İslam Respublikasını vurması üçün öz ərazisində Amerika hərbi bazalarının yerləşdirilməsi üçün yer verməməsi rəsmi Vaşinqtonu çevriliş planına əl atmağa vadar edib. Son iki ay ərzində Bakıda "Əsgər ölümünə son!" adı ilə keçirilən mitinqlərin məhz MDİ-nin maliyyə vəsaiti hesabına baş tutduğu bildirilir. Bu cür mitinqlərin keçirilməsinin əsl səbəbi isə cəmiyyəti inqilab havasına kökləməkdir.

Qeyd edək ki, son 3 ildə Azərbaycanda olduğu dövrdə A.Qriqorevs öz hesabından 2 milyon dollara yaxın vəsait çıxarmışdır. Bu vəsaitlərin hara xərcləndiyi barədə heç bir izahat və məlumat verilmir. Baxmayaraq ki, qanuna görə həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatlar Maliyyə Nazirliyinə müvafiq hesabatlar verməlidirlər.
Onun və onun kimilərinin Azərbaycanda fəaliyyəti qanuna ziddir. MDİ Azərbaycan hökuməti qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Əks təqdirdə bu təşkilatın Azərbaycanda fəaliyyətinin dayandırılması zərurətə çevriləcək.
 

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00