“Aksiyanın rejissorları “Molotov kokteyli” sifariş verirdilər” - MİLLƏT VƏKİLİ
11 Mart 2013 17:18 Siyasət"Bakının mərkəzindəki Fəvvarələr bağında bir qrup insan tərəfindən keçirilən icazəsis aksiya son dövrdə Azərbaycan ordusunda baş vermiş əsgər ölümü ilə bağlı, daha doğrusu, ondan sui-istifadə edilərək konkret siyasi maraqlara yönələn siyasi hücum idi". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, qabaqcadan 20 min iştirakçı elan edilməsinə baxmayaraq aksiyaya cəmi 200-300 nəfər gəlmişdi: " Aksiyada bir necə nəfər yaşlı insan da var idi. Ehtimal ki, onlar həlak olmuş əsgərlərin valideynləri idi. Necə gəlməsindən asılı olmayaraq, hərbi xidmətə övladını itirmiş bütün valideynlər qarşısında baş əydiyimi bildirirəm. Ancaq aksiyanın rejissorları heç də Fəvvarələr Meydanında deyildi. Onlar bir qrupa "Molotov kokteyli" hazırlatdırır, bir qrupunu xırda dəstələri meydana göndərir və aksiya başa çatmamış artıq bəyanatlarını tələsik yaymağa başlayırdılar. Diqqətimi videoyazılardan birində Fəvvarələr meydanında əlində əsgər şəkli tutmuş bir qadının gənclərə müraciət edərək: " Ay uşaqlar, əsgər getməyin !" deməsi oldu və məsələnin əsl mahiyyəti üzə çıxdı. Məqsəd bir neçə əsgərin ölümünə münasibət sərgiləmək deyilmiş". Millət vəkili qeyd edib ki, əslində orada olanlardan və arxa planda olan rejissorların heç biri ölən əsgərlərin heç yas məclislərinə də getməyiblər: "Məqsəd situasiyadan istifadə edərək siyasi xal yığmaqdır, dövləti sarsıtmaqdır, məqsəd bulanlıq suda balıq tutmaqdır. Adi bir qadının "əsgər getməyin" çağırışını isə sakit qarşılamayın. Bu çağırışın kimlərə sərf etdiyinin fərqindəsizmi ?"