AXCP funksioneri Müsavata meydan oxudu - SİYASİ ANALİZ
Fuad Qəhrəmanlı Əli Kərimlinin güzəştə getməyəcəyini bəyan etdi
11 Mart 2013 16:15 SiyasətPrezident seçkilərinə az qalsa da, müxalifət daxilində ikitirəlik davam edir. Özəlliklə narazı elektoratın böyük ümidlər bəslədiyi İctimai Palata daxilində ziddiyyətlər qalmaqdadır. Müsavat və AXCP funksionerlərinin açıqlamaları göstərir ki, partiyalar güzəştə hazır deyillər. Müsavat başqanı İsa Qəmbər, partiya sədrinin müavinləri Tofiq Yaqublu, Gülağa Aslanlı, MİP rəhbəri Arif Hacılı dəfələrlə bəyan ediblər ki, Müsavat AXCP də daxil, heç bir partiyaya güzəşt etməyəcək. Müsavat İsa Qəmbərin üstünlüyünü İctimai Palatanın Koordinasiya Şurasına seçkilərdə topladığı səslə hesablayırlar. Hesab edirlər ki, Əli Kərimlidən 70 səs çox toplamış İsa Qəmbər İP-in vahid namizədi olmağa daha çox layiqdir. Müsavatdan fərqli olaraq AXCP namizədini irəli sürməyib. Bu günə qədər Cəbhə funksionerlərinin susqunluğu belə düşünməyə əsas yaratmışdı ki, AXCP Müsavata güzəşt edəcək, ən azından Əli Kərimli seçkiləri boykot etməklə Müsavata "yaşıl işıq" yandıracaq. Amma partiya sədrinin müavini Fuad Qəhrəmanlının son müsahibəsi AXCP-nin güzəşt edəcəyinə bəslənən ümidləri alt-üst etdi. AXCP funksioneri açıq-aşkar Müsavata meydan oxuyur, Əli Kərimlinin İsa Qəmbərdən daha güclü lider olduğunu iddia edir. AXCP funksioneri Müsavat başqanının namizədliyini irəli sürməsinə ciddi yanaşmır, hesab edir ki, "Azərbaycan cəmiyyəti seçki məsələsində hansısa partiyanın yox, ümumilikdə müxalifətin birgə mövqeyini gözləyir". Bu, o deməkdir ki, Müsavatın təkbaşına namizədlə bağlı qərar verməsi doğru addım deyil və uğursuz olacaq. Onun fikrincə, vahid namizəd "arxasında Azərbaycan cəmiyyətinin etimadını qazanmış lider" olmalıdır. Heç şübhəsiz ki, Qəhrəmanlı başqanı yox, Kərimlini nəzərdə tutur. Bunun ardınca, Əli Kərimlinin bu yaxınlarda müxalifətyönlü qurumlardan birinin keçirdiyi sorğuda Müsavat başqanından qabaqda olmasını qabardır: "Əli Kərimli 16 min respondentin iştirak etdiyi son internet sorğularında ona yaxın olan müxalifət liderindən 5 dəfə artıq çox səs almışdı. Əli Kərimli müxalifətin ən uğurlu namizədi kimi keçirilən rəy sorğularında həmişə öndə olub". Bu, fikir onu deməyə əsas verir ki, belə düşünən tək Fuad Qəhrəmanlı deyil, AXCP-də belə düşünürlər. AXCP-də hesab edirlər ki, İsa Qəmbər zəif namizəddir və onu dəstəkləməyə ehtiyac yoxdur. AXCP ən yaxşı halda seçkini boykot edərək Müsavat başqanının məsuliyyət altına girməsinə yardımçı ola bilər. Bu halda AXCP sədri həm güzəştli lider görüntüsü yaradacaq, həm də seçkidəki məğlubiyyətə ortaq olmayacaq.
AXCP funksionerinin açıqlaması Əli Kərimlinin İP-dəki bəyanatının davamı da sayıla bilər. İP-in son toplantısında Əli Kərimli beynəlxalq təşkilatlardan incikliyini ifadə etmiş və bildirmişdi ki, onlara ümid olmaq lazım deyil. Siyasi analitiklər Əli Kərimlinin bu bəyanatını həm də baş verən aksiyaların fonunda önə çıxmaq, ictimaiyyətin diqqətini cəlb etmək cəhdi kimi qiymətləndirirlər. Hesab olunur ki, AXCP təşəbbüsü ələ almaq, narazı elektoratın önünə düşmək niyyəti güdür. Amma AXCP sədrinin bu addımı gecikmiş sayıla bilər. Artıq Müsavat başqanı namizədliyini irəli sürüb. AXCP sədri o zaman müxalifətdə irəli çıxa bilər ki, Müsavat başqanı onun namizədliyini dəstəkləsin. Bu isə real görünmür.
Ərhun Abbas