Müxalifətçi gənclər səhv yolda olduqlarını anlayacaqlar
11 Mart 2013 15:23 Siyasət"Azərbaycan gəncliyinin mütləq əksəriyyəti prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Çünki bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov səsləndirib. O, bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: "Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir". YAP Gənclər Birliyinin sədri müxalifətçi gənclərin etiraz aksiyalarına da münasibət bildirib: "Müxalifətçi gənclər dəfələrlə etiraz aksiyaları keçirməyə cəhdlər göstərib, amma bunların hamısı fiaskoya uğrayıb. Martın 10-da edilən cəhd də buna növbəti sübutdur. Biz bu gəncləri səhv yoldan dönməyə çağırırıq. Mən ümid edirəm ki, bu gənclər də səhv yolda olduqlarını gec-tez anlayacaqlar".