Milli Şura müxalifəti monopoliyaya götürməyə çalışır- Siyasət
29 Aprel 2019 15:52 SiyasətZaman-zaman ölkəmizdə mövcud ictimai-siyasi vəziyyəti pozmağa, ölkədəki mövcud siyasi sabitliyə xələl gətirməyə yönəlik cəhdlər edilsə də, nəticə etibarilə ölkəmiz bütün bu cəhdlərin qarşısını ala bilib və Azərbaycan öz inkişaf yoluna davam edib. Təbii ki, bu da ilk növbədə düzgün idarəçilik və xalqla iqtidar arasında mövcud olan birlikdən qaynaqlanır. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov da deyir ki, Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi sahədə atılan addımlar, həyata keçirilən islahatlar yüksək qiymətləndirilir: "Görürsünüz ki, dünyanın əksər beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. İstər idman, istərsə də ümumdünya mədəniyyətlərarası, dinlərarası dialoq forumları Bakıda təşkil olunur. Bu tədbirlər zamanı paytaxta dünyanın ayrı-ayrı ölkələrinin siyasi xadimləri, mütəxəssisləri gəlir. Demək olar, hər gün bu tipli tədbirlər keçirilir. Bu, ölkəmizin həm iqtisadi inkişafının, həm də siyasi sabitliyinin göstəricisidir, iqtidar-xalq birliyinin sübutudur. Bunun nəticəsidir ki, dünyanın ayrı-ayrı ölkələrindən ölkəmizə üz tuturlar, çünki burada sərbəst, azad şəkildə fəaliyyət göstərmək mümkündür. Azərbaycan iş qurmaq, investiya yatırmaq üçün ən əlverişli ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Çinin paytaxtı Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Çinlə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, Çinin böyük şirkətlərinin nümayəndələrinin Azərbaycanla bağlı müsbət fikirləri mövcuddur. Ölkəmizin qapıları açıqdır, düzgün niyyətlə işləmək istəyənlərə bütün şərait yaradılır".
Radikal müxalifətin mitinq keçirmək istəyinə gəlincə isə hakim partiya rəsmisi qeyd edib ki, mitinq keçirilməsinin bir neçə şərti var: "Mitinq təşkilatçıları "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə əməl etməlidirlər. Ölkədə sərbəst toplaşma ilə bağlı hər hansı məhdudiyyət qoyulmur. İstənilən şəxs fikrini, etirazını çatdıra bilər. Təbii ki, bu, qanun çərçivəsində olmalıdır. Bilirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciət edən təşkilatçılar üzərinə öhdəliklər götürürlər. Bu öhdəliklər arasında vətəndaşların hüquq və azadlıqlarını pozmamaq, şəxsiyyəti təhqir etməmək, dini ayrı-seçkiliyə yol verməmək, dövlət çevrilişinə, silahlı üsyana çağırış etməmək kimi tələblər var. Təəssüflər olsun ki, mitinq təşkilatçıları üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Onlar çıxışlarında bəzi şəxslərin ünvanına ifadələr səsləndirirlər, bununla da həmin insanların hüquqlarını pozurlar. Qəsdən edirlər ki, müdaxilə olunsun, sonra da bu məsələdən sui-istifadə etsinlər. Sadaladıqlarım dəfələrlə onlara xatırladılıb, amma əhəmiyyət verməyiblər. Diqqət edin, onlar daha çox beynəlxalq tədbirlərin keçirilməsi, müqavilələrin imzalanması zamanı ortaya çıxırlar. Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları keçirilərkən mitinq keçirirdilər. Amma İslam Həmrəyliyi Oyunları təşkil edilən zaman mitinq keçirmədilər, baxmayaraq ki, bu tədbirə gələn dövlət adamlarının sayı Avropa Oyunlarına gələnlərin sayından çox idi. Buradan onların məqsəd və məramları aydın olur. Hüquq-mühafizə orqanlarında ciddi məlumatlar var ki, mitinq təşkilatçıları təxribat törədərək bunu dövlətin üzərinə yıxmaq istəyirlər. Avropa İttifaqı ilə saziş imzalanması ərəfəsində bu cür addımlar prosesə kölgə salmaqdır. İddia edirlər ki, Azərbaycanda insan haqları pozulur, vətəndaşların təhlükəsizliyi təmin edilmir, bunu da dünya ictimaiyyətinə çatdırmağa cəhd edirlər. Onların dedikləri həqiqət deyil. Mitinq iştirakçıları da Azərbaycan vətəndaşlarıdır, ona görə dövlət onların da təhlükəsizliyini təmin edir. Hüquq-mühafizə orqanları bilir ki, təşkilatçıların təxribatı ola bilər, ona görə də bu istiqamətdə addımlar atır".
YAP rəsmisi müxalifət daxilindəki intriqalara da toxunub: "Milli Şura təmsilçiləri ReAl Partiyanın üzvlərini "vətən xaini" adlandırırdı. Biz bütün partiyalara bərabər münasibət bəsləyirik. Onların dartışması "bazara girmək" üstündə idi. Azərbaycan Xalq Cəbhəsi Partiyası və təmsil olunduğu Milli Şura hesab edir ki, "Avropa bazarı" bunlara məxsusdur. Düşünürlər ki, Avropadan qrantı və digər formada gələn maliyyə vəsaitlərini yalnız bunlar ala bilərlər. İstər Cəmil Həsənli, istərsə də Əli Kərimli ReAl-ın üzvlərini satqınlıqda ittiham etdilər, hakimiyyətə işlədiklərini dedilər. Müxtəlif fikirlər söylədilər... Halbuki əllərində heç bir əsas yox idi. Avropaya ReAl-ı dəvət ediblər, onlar da gediblər. Milli Şura təmsilçiləri dəvət edilmədiklərinə görə narahat olub. Konkret olaraq, dava "yorğan" davasıdır. 1990-cı illərdən indiyədək heç bir yeni ideya, fikir ortaya qoymayıblar, yalnız xaricdən vəsait almaqla öz məsrəflərinə sərf ediblər. Təbii ki, beynəlxalq təşkilatlar da hansı qurumla əməkdaşlıq edilməsi üçün axtarışdadılar, həmin təşkilatlar Azərbaycan cəmiyyətinin Milli Şura və onun ətrafındakılara dəstək verməməsini yaxşı bilirlər. Milli Şura çalışır ki, müxalifəti monopoliyaya götürsün. Bilirsiniz ki, onların əməkdaşları dəfələrlə xaricdən pul gətirərkən sərhəd məntəqələrində saxlanılıblar. Milli Şura həmin vəsaitin kəsilməsindən qorxur, ona görə bu cür davranırlar. Biz bütün siyasi partiyalarla dialoqa hazırıq. Kifayət qədər sosial bazamız var, bu da xalqın etimadının göstəricisidir. Onlar təkliflərini ünvanlamalıdırlar, biz də baxıb qiymətləndirə bilərik".
Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatını dövlət qeydiyyatına alınan 55 partiyadan 7-sinin hesabat təqdim etməməsinə də toxunan millət vəkili hesab edir ki, bu məsələ ciddi şəkildə tənzimlənməlidir: "Yəni qanunvericilik sərtləşdirilməlidir. Hər bir siyasi partiya illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Yalnız şəffaflıq tələb olunur. Partiyaların haradan maliyyəşməsini göstərmək şəffaflığın ilk şərtidir. Elə partiyalar var ki, hesabat verirlər, sənəddə rəqəmlərin hamısı sıfır olur, amma partiyanın qərargahı, təşkilat rəhbərlərinin avtomobilləri, hətta cangüdənləri də var. Sual verirəm, bunlar hansı maliyyənin hesabına edilib? Burada qaranlıq məqamlar ortaya çıxır. Həmin qüvvələr xaricdəki müxtəlif dairələrdən, daxildə müxtəlif şəxslərdən maliyyə vəsaiti alırlar. İstənilən maliyyə vəsaitinin hesabatı verilməlidir. Yeni Azərbaycan Partiyası hər il Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verir və bunu ictimaiyyətə açıqlayır. Milli Məclisdə təmsil olunan partiyalar da yalnız dövlət büdcəsindən ayrılan vəsaitin hesabatını verirlər. Şəffaflıqdan danışanlar, sinəsinə döyənlər desinlər ki, görək haradan vəsait alırlar".
Məhəmməd