Fəzail İbrahimli: “Əldə olunan razılaşmalar ümumi prinsiplərə aparan yol deyil” - Ekskluziv

"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüçündə əldə edilən razılaşmaya iki aspektdən yanaşmaq lazımdır. Nazirlərin görüşünün hansı nəticələri ola bilər və görüçün ümumi prosesə təsiri nədən ibarətdir. Məlum olduğu kimi görüşdə girovlar, təsərrüfat işləri zamanı atəşkəsə riayət edilməsi, görüşlərin davam etdirilməsi kimi məsələlərdə ümumi razılaşma olub. Əgər ermənilərin məqsədi dünya ictimaiyyətinin gözünə kül üfürmək deyilsə, bu ustiqamətdə atılan hər bir müsbət addım alqışa layiqdir. Ancaq bu razılaşmaların torpaqların işğaldan azad ediləcəyinə müsbət təsiri barədə düşünmək sadəlövlük olardı". Bunu "Olaylar"a deyən millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə,  əldə olunan razılaşmalar ümumi prinsiplərə aparan yol deyil: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi bütövlükdə həllini tapmalıdır. Ermənistan tərəfi ağlını başına yığmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bunun üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar birmənalı şəkildə Erməistan tərəfini təcavüzkar, işğalçı dövlət adlandıraraq işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etməlidirlər. Çox təəssüf ki, bu məsələyə yanaşmada ikili standartlar davam etməkdədir. Avropa Şurasında işğalçı dövlətlə işğala məruz qalan dövlətin statusu eynidir, üstəlik ortada xristian təəssübkeşliyi də mövcuddur. Bu baxımdan, xarici işlər nazirlərinin görüşü ilə Dağlıq Qarabağ məsələsinin həll olunması barədə düşünmək sadəlövlükdür. Çünki öz ixtiyarında olmayan bir dövləti ümumi razılığa gətirmək olmaz. Bir əli Amerika lobbilərinin, digər əli Avropanın, ayağı Rusiyanın cibində olan dövlətlə razılığa gəlmək qeyri-mümkündür". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31