“Azərbaycanın siyasi iradəsinə heç bir qüvvə təsir edə bilməz”
Gövhər Baxşəliyeva: “Ölkəmiz sabitlik məkanına çevrilib”
12 Aprel 2019 13:17 SiyasətGövhər Baxşəliyeva: "Ölkəmiz sabitlik məkanına çevrilib"
Dünyada bir çox siyasi, ictimai, iqtisadi, hərbi hadisələrlə, qlobal kataklizmlərlə, sarsıntılarla yadda qalan ötən bir ildə ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı qoruyub saxladı, həyatın bütün sahələrində irəliyə doğru inamlı addımlar ataraq, bir çox uğurlar qazandı, inkişafının yeni mərhələsinə qədəm qoydu. Millət vəkili Gövhər Baxşəliyeva hesab edir ki, qazandığımız ən böyük nailiyyət, heç şübhəsiz, böyük cəhdlər bahasına əldə olunmuş siyasi, ictimai, iqtisadi sabitliyin qorunub saxlanılmasıdır: "Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm Prezidentimiz bu illər ərzində məhz belə bir müdriklik nümayiş etdirmişdir. "Dövlət yaxşı yaşamaq üçün yaradılır" konsepsiyası Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti üçün tamamilə xarakterikdir. Ölkə rəhbərinin apardığı ümumi siyasət daim bu olub: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, o, bütün hallarda öz istəyinə nail olmuşdur". G.Baxşəliyeva qeyd edib ki, prezident İlham Əliyevin xalqla vəhdəti, birliyi sayəsində Azərbaycanı yenidən qarışdırmaq istəyən dağıdıcı qüvvələrin niyyətləri baş tutmadı, onlara sarsıdıcı zərbə vuruldu. İyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirdiyi müşavirədə dövlət başçısı bir daha öz sarsılmaz iradəsi ilə Azərbaycanın daxili və xarici düşmənlərinə kəskin mesajlarını göndərdi. Prezident çıxışında qeyd etdi ki, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Ölkə rəhbəri "Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq" - deyərək və bir daha yaxın keçmişə qayıdaraq xatırlatdı ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar, o cümlədən silahlı təxribat, terror aktları törədilib, dövlət çevrilişinə cəhdlər göstərilib: "Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq..." - deyə, dövlət başçısı sonra vurğuladı...
Onun bildirdiyinə görə, ötən il iyulun 10-dan 11-nə keçən gecə Azərbaycan Prezidentinin Brüsselə növbəti səfəri oldu və bu, siyasi tariximizə "Brüssel zəfəri" kimi düşdü. Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edildi. Birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması oldu. İkincisi, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı xüsusi olaraq qeyd edildi. Ümumiyyətlə, Brüsseldə diqqətçəkən məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən aprel hadisələrindən, hakimiyyət dəyişikliyindən, hərbi-xunta rejiminin populist Paşinyan iqtidarı ilə əvəzlənməsindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması məsələsi gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. Yəni, NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi, uğuru idi: "Ötən il, həmçinin Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri, o cümlədən Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Belarus və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət mərhələsinə qədəm qoyuldu. Ölkə başçısının cəmi bir necə ay ərzində, aprel-sentyabr ayları arasında Böyük Britaniya və Fransaya səfərləri, eləcə də İtaliya və Almaniya liderlərinin Azərbaycana yüksək səviyyəli səfərləri, həmçinin il ərzində Rusiya Prezidenti Vladimir Putinlə 8 dəfə Azərbaycanda, Rusiyada və digər məkanlarda bir araya gəlməsi, hər iki ölkənin maraqlarına xidmət edən sazişlərə imza atılması və digər hadisələr Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda, Ermənistanın təcridi siyasətində böyük rola malik oldu. Dünya Azərbaycandan daha çox onun özünün Azərbaycana ehtiyacı olduğunu bir daha gözlər önünə sərdi".
Millət vəkili bildirib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini, eyni zamanda, geniş tərkibdə aparılan görüşün yekunu üzrə verilən bəyanatı təhlil etdikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin haqlı və qətiyyətli mövqeyinin daha da möhkəmləndiyini aydın görə bilərik: "Ermənistanın yeni rəhbərliyi hakimiyyətə gəldiyi gündən cidd-cəhdlə danışıqlar formatının dəyişdirilməsinə, qondarma rejimi də tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışırdı. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət nəticəsində Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxdı. Bundan sonra Ermənistan danışıqlar formatını dəyişməyin mümkün olmadığını görərək dialoqu mövcud formatda davam etdirməyə məcbur oldu. Vyana görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Bu baxımdan həmin görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur. Ötən bir il ölkəmiz üçün uğurlu il olmuş, bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmiş Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləmişdir. Ən əsası isə ölkə Prezidentinin də qeyd etdiyi kimi, dünyada gərginlik, risklər, təhdidlər artdığı halda, Azərbaycan sabitlik məkanı olmuşdur".
Alim