“Məruzələr ölkələrə təzyiq göstərmək üçün siyasi vasitəyə çevrilir”- Siyasət

Millət vəkili: "Ruben Vardanyan böyük sərvətə yiyələnmiş bir dələduzdur"

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında hollandiyalı deputat Mart van de Veninin hazırladığı "Landromat - mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyuylmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət" adlı məruzə müzakirə edilib. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri məruzəyə münasibətlərini ifadə ediblər. Millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib ki, məruzədə çirkli pulların yuyulması halları ilə bağlı üç fərqli iddia əks olunub. Lakin hesabat bu hallardan yalnız birini həmin cinayətlərdə iştirak etdikləri iddia olunanların vətəndaşlığı ilə bağlayır və hesabata ölkənin adını qoşur: "Azərbaycan landromatı". Məlumdur ki, qanunsuz əməllər və cinayətlərin vətəndaşlığı yoxdur və AŞPA hər hansı iddiaya və ittihama görə millət haqqında belə termini işlətməkdən çəkinməlidir. Bu cür davranış bir neçə insanın iddia edilən əməllərinə görə asanlıqla bütün millətin təhqirinə çevrilir. Assambleya qeyri-hökumət təşkilatı tərəfindən verilən məlumata etimad göstərməməli, özü araşdırma aparmalıdır. Təəssüf ki, məruzəçi "laundromat" ifadəsinin qarşısına "Azərbaycan" sözünü artırıb. Məruzəçi bu məntiqlə çıxış edirsə, onda digər halları - "Global Laundromat"ı "Rus laundromat"ı, "Troika laundromat"ı erməni landromatı kimi göstərməlidir."Troika laundromat"ın adını səsləndirməyimə görə bəzi həmkarlarım hesab edə bilərlər ki, Azərbaycan deputatı bu məsələdən Ermənistanın adının da hallanması üçün istifadə edir. Həqiqəti bilmək üçün sizi bir ay əvvəl yayılan məlumatları daha yaxından araşdırmağa dəvət edərəm". O, bütün "Troika" sxemini bir erməni iş adamı Ruben Vardanyanın yaratmasından, çox sayda Ermənistan vətəndaşını qanunsuz pulların yuyulması sxeminə cəlb etməsindən danışıb. Bildirib ki, "Troika Laundromat"la bağlı çoxsaylı əməliyyatlarda mərkəzi şəxs Armen Ustyan olub. Onun imzası digər ermənilərlə yanaşı, "Troika Laundromat"ın çoxsaylı müqavilələrində əks olunur: "2006-cı ilin əvvəlindən 2013-cü ilin əvvəlinədək "Troika" qrupunun şəbəkəsindən 8,8 milyard dollar keçirilib. Bu işin əsas siması Ruben Vardanyan hadisə aşkar olunana qədər xeyriyyəçi kimi tanınıb. "Troika laundromat" aşkarlandıqdan sonra məlum olub ki, bu xeyriyyəçi əslində cinayət yolu ilə əldə olunmuş pulların yuyulması vasitəsilə böyük sərvətə yiyələnmiş adi bir dələduzdur. Ermənistanda bank və çoxsaylı bizneslərə sahib olan Ruben Vardanyan erməni diaspor təşkilatlarının əsas havadarlarından biridir". Azərbaycanlı deputat bildirib ki, AŞPA Ruben Vardanyanın qeyri-qanuni vəsaitlərinin bu quruma da daxil olması ehtimallarını ciddi araşdırmalı və yoxlamalıdır. Təəssüflə qeyd edib ki, yalnız bir ölkəni hədəfə alaraq, araşdırma aparmağa can atan bəzi deputatların "Troika laundromat" kimi ciddi işi araşdırmaq istəyəcəklərinə inanmır. O, məruzəçiyə üz tutaraq, onu sübuta yetirilməmiş cinayət iddialarını "millət" adı ilə hallandırmamağa çağırıb. "Nə üçün məruzədə yalnız bir halda ölkə haqqında milləti bildirən sifətdən istifadə etmisiniz, digər hallarda isə yox?" - deyə, S.Qafarova məruzəçiyə müraciət edib.

Millət vəkili, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib ki, bütün ölkələri, xüsusilə də Avropa Şurasına üzv olan ölkələri əhatə edən cinayətkarlıq, çirkli pulların yuyulması, qeyri-qanuni iqtisadi fəaliyyətlərə qarşı mübarizə aparmaq kimi vacib məsələ ilə bağlı məruzə hazırlayıb: "Təşəkkürüm isə məruzənin tərtibatına görədir. Cinayətkarlığa qarşı mübarizə elə təqdim olunub ki, onu siyasiləşdirmək, ona siyasi don geyindirərək ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkünlüyü verilib". Millət vəkili məruzənin vacibliyini qeyd edərək, onun siyasiləşdirilməsinə təəssüfünü bildirib.Qeyd edib ki, bu gün bütün ölkələr bir-biri ilə əlaqədədir. "Landromat" mexanizmi Avropada kəşf edilib, Estoniyada yaradılıb və müxtəlif ölkələrdə tətbiq olunub. Bu problemin əsil səbəbi onu icad edib yaradanlardadır. Bu baxımdan bu problemlə bağlı təkcə bu məruzədə adı çəkilən ölkələrdə deyil, məhz digər "korekt" üzv ölkələrdə də araşdırılmalıdır. Yalnız belə halda bu məruzə obyektiv ola bilər və bu cür cinayətkarlara qarşı ədalətli mübarizə apara bilərik."Təəssüflər olsun ki, bu təşkilatda bəziləri bir çox böyük dövlətlərin adını səsləndirməkdən çəkinirlər, çünki qorxurlar. Böyük dövlətlərdə belə araşdırmalar apara bilməzlər. Avropa İttifaqının bəzi ölkələrində belə araşdırmalar aparmağa cürət etmirlər. Məhz buna görə də, bu məruzə tənqid olunur. Çünki qorxu əsasında yazılmış məruzə obyektiv ola bilməz. Heç kim, heç bir ölkə mükəmməl deyil. Ancaq barmağı bir ölkəyə tuşlayıb, onun üzərində durmaq mənfi nəticələrə səbəb olaraq, təşkilatı daha dərin böhranlara sürükləyəcək" - deyə, S.Seyidov diqqətə çatdırıb və deputatları obyektiv olmağa çağırıb.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31