Paşinyan Ermənistanın siyasi tarixinə qeyri-ciddi lider kimi düşəcək

Ermənistan hakimiyyəti yenə təhdid dilində danışır. İşğalçılıq və təcavüz siyasətini davam etdirməkdə israrlı görünən İrəvan açıq şəkildə bunu bəyanlayır. Hər halda işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Strasburqa səfəri zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir. Paşinyan AŞPA rəhbərliyi ilə keçirdiyi görüşlərdə müdafiə naziri Tonoyanın yeni ərazilər ələ keçirmək barədə açıqlamasına demək olar ki, haqq qazandırıb və bununla da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maraqlı olmadığını bildirib.

Ermənistan baş nazirinin Srtasburqa səfəri və orada problemlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən ekspertlər Paşinyanın danışıqlar prosesindən yanındığını deyiblər.  Müstəqil ekspert Rusif Məmmədsoy hesab edir ki, Nikol Paşinyan bununla  "Time out" götürür: "Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-ya işgüzar səfər edib. Səfər zamanı Paşinyan bir sıra görüşlər keçirib. Ermənistan baş naziri Avropa Şurasının baş katibi Turbern Yagland ilə birgə mətbuat konfransında deyib ki, "Bəyanatlarında David Tonoyanın şərhləri arasında hər hansı bir ziddiyyət olduğunu düşünmürəm".  Bildiyimiz kimi Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşdə Azərbaycandan yeni ərazilər almaqla bağlı bir sıra fikir səsləndirmişdi.  Bəs, "Sülhsevər" Paşinyanın bu açıqlamasını necə başa düşək?. Ekspertin sözlərinə görə,  Nikol Paşinyan artıq anlayır ki, o hakimiyyətə gələrkən iddia etdiyi Qərbə meyl və Rusiyanın təsirinin azaldılması ilə bağlı vədləri mümkünsüzdür: "Vyana görüşündən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə danışığı da buna sübutdur. İstənilən halda Paşinyan hər addımda Putinlə hesablaşmağa məhkumdur. Bu zaman belə bir sual ortaya çıxır ki, Paşinyan nəyə güvənib bu ifadəni işlətdi ? Düşünürəm ki, artıq Paşinyan Rusiya ilə əlaqələri möhkəmləndirib və Putinin şərtlərini yerinə yetirib. Bunun əksini etmək onsuz da Paşinyan üçün olduqca qəliz idi. Çünki, həm Rusiya, həm daxildəki separatçı qüvvələr, həm də Azərbaycan tərəfinin təzyiqi ilə üzləşmişdi. Bu səbəbdən Nikol da digərləri kimi bu ənənəni davam etdirəcək.  Digər maraqlı məqam isə ondan ibarətdir ki, aprel ayının 15-də Azərbaycan və Ermənistan rəsmiləri arasında Rusiyada görüş keçiriləcək. Həmin görüş zamanı şübhəsizdir ki, Paşinyanın bu fikri dilə gətiriləcək. Hər çıxışında sülh danışıqlarında Azərbaycanı "günahkar" bilən baş nazir bu açıqlamanın sonrasını fikirləşmədimi?". Rusif Məmmədsoy deyib ki,  bu bəyanatın daha bir neçə səbəbi var: "Qeyd etdiyim kimi Rusiyaya arxalanmaq ön sırada gəlir.  Nikol Paşinyan başa düşür ki, o bu sualın qarşısında "Xeyr, Tonoyan bu ifadəni düzgün işlətməyib" deyə bilməzdi. Çünki, bu zaman da onun legitimliyi şübhə altına düşərdi.  Bundan başqa qondarma "erməni soyqırımı" nın ildönümü yaxınlaşır. Bu mənada bu çıxışlarla milliyətçilərin də dəstəyini almağa çalışır. Çünki, hazırda Avropada Fransa kimi hegemon dövlət onlara havadarlıq edir. Hətta bu gün İtaliya parlamentinə də qondarma soyqırımın tanınması ilə bağlı müraciət olub.  Bu çıxışda əsas səbəblərdən biri də daxildəki separatçı qüvvələrlə bağlıdır. Belə ki, Paşinyan onlardan olduqca ehtiyat edir. Bu mənada bu çıxış bir növ məcburiyyət də ola bilər. Bununla da Paşinyan əslində bir qədər təzyiqlərin azalacağını ümid edir. Daha dəqiq desək Paşinyan "Time out" götürdü. Lakin, bundan sonra Azərbaycan tərəfinin təzyiqinin daha da artacağı şübhəsizdir".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov  isə deyir ki, Nikol Paşinyan Ermənistanın siyasi tarixinə bambılı və qeyri-ciddi lider kimi düşəcək. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının açılışı üçün Strasburqa səfər edən və Avropa Şurasının Baş katibi Turbern Yaqlandla birgə mətbuat konfransı keçirən Ermənistan baş naziri Nikol Paşinyan bəyan etdiyi, dilə gətirdiyi absurd və ziddiyətli fikirləri ilə özünün nə qədər "idiot" olduğunu bir daha sübut elədi: "Həmişəki kimi yenə də xalqları sülhə hazırlamaqdan dəm vuran və "Biz Azərbaycanla Ermənistan, Azərbaycanla Dağlıq Qarabağ arasında hədə dili ilə danışmamalıyıq və bizim məqsədimiz cəmiyyətimizi müharibəyə yox, sülhə hazırlamaqdır" deyən Paşinyan, eyni zamanda onun bəyan etdiyi sülh çağırışı ilə David Tonoyanın hədə dolu bəyanatı arasında ziddiyyətlərin olmadığını da əlavə edib. Hərçənd ki, bu adam ciddi-cəhdlə ziddiyyətlərin olmadığını avropalı parlamentarilərin diqətinə çatdırmağa çalışıb, amma onun az qala hər cümləsi öncəki cümlələri ilə ziddiyət təşkil edib. Həmin ziddiyətli məqamlardan biri də danışıqların formatı ilə bağlı söylədiyi fikirlərdə əks olunub. Nikol Paşinyan növbəti dəfə danışıqlar formatının dəyişdirilməsi və Qarabağın erməni icmasının danışıqlar prosesində tərəf olmasını istəyib. O bildirib ki, "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllini üç tərəflə müzakirə etməlidir. Minsk qrupu Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında dialoqun qurulması üçün yaradılıb. Bu gün Dağlıq Qarabağ və Azərbaycan arasında dialoqun qurulması üçün tədbirlər görürük". Bundan əvvəl də işğal altındakı Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsini israrla təklif edən Paşinyan əlavə edib ki, "bizim əsas hədəfimiz Azərbaycanla dialoqun davam etməsi üçün münbit şəraitin yaradılmasıdır. Ümid edirəm ki, Azərbaycandan olan partnyorlarımız çağırışımıza səs verəcəklər. Bunu etsək, tamamilə başqa situasiya yaranacaq". Partiya sədrinin sözlərinə görə, Avroparlamentarilər qarşısında maksimal dərəcədə sülhpərvər obrazına girməyə və özünü dialoq tərəfdarı kimi göstərməyə çalışan "pələng dərisi geymiş tülkü" Paşinyan çıxışı zamanı Azərbaycan Prezidenti ilə konstruktiv dialoq mühitinin yarandığını da qeyd etməyə məcbur olub: "O deyib ki, "Prezident İlham Əliyevlə açıq, düzgün və konstruktiv dialoqumuz olub. Təəssüf ki, bizim münaqişənin detalları, həll mexanizmləri barədə təsəvvürlərimiz ümumi deyil, amma səmimi diskussiya atmosferi yaratmağımızın özü də yaxşı haldır". Amma Paşinyan tərəflər arasında bu konstruktiv dialoq mühitinin formalaşmasının kimin xidməti olmasını qeyd etməyi isə nədənsə, unudub. Daha doğrusu, bilərəkdən unudub. Əslində dialoq mühitinin təşəkkül tapması və münaqişə tərəfləri arasında danışıqlar prosesinin təxminən 1 illik fasilədən sonra yenidən bərpa edilməsi birbaşa İlham Əliyevin prinsipial səyləri nəticəsində mümkün olub. Paşinyan isə bu müddət ərzində bir qayda olaraq həmişə sülh danışıqlarına hələ hazır olmadığını bəyan edir və hər dəfə sülh danışıqlarını ertələmək üçün min cür bəhanələrə əl atırdı. Lakin o bütün bunları Avropa Şurasının deputatlarından gizlədərək, özünü sözün əsl mənasında "sülh göyərçini" kimi təqdim etməyə çalışdı. Avrodeputatlar Paşinyanın bu "nağıl"larına inandılarmı-inanmadılarmı bunu bilmirəm. Ancaq bir həqiqət gün kimi aydındır ki, Ermənistan liderləri arasında hələ indiyə qədər Paşinyan kimi ziddiyətli persona olmayıb. Mən əminəm ki, Paşinyan Ermənistanın siyasi tarixinə bambılı və qeyri-ciddi lider kimi düşəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31