Rusiya-ABŞ münasibətlərində gərginliyin yeni sıçrayış mənbəyi
Mübariz Əhmədoğlu: “Türkiyənin həm ABŞ-la, həm də Rusiya ilə münasibətləri geri dönməz halına gələ bilər”
10 Aprel 2019 14:40 SiyasətMübariz Əhmədoğlu: "Türkiyənin həm ABŞ-la, həm də Rusiya ilə münasibətləri geri dönməz halına gələ bilər"
Yaxın və uzaq qonşularımızda bir-birindən maraqlı proseslər baş verməkdədir. Xüsusilə, bu müansibətlərdə Rusiya-Birləşmiş Ştatlar arasında davam edən gərginlik diqqət çəkir. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu özünün ənənəvi aylıq mətbuat konfransında Rusiya ilə Birləşmiş Ştatlar arasında davam edən gərginliyə toxunub. O, bildirib ki, Rusiya-Birləşmiş Ştatlar münasibətlərində gərginliyin yeni sıçrayışı baş verdi. Onun sözlərinə görə, son motivasiya Rusiyanın Venesuelaya mütəxəssis adı ilə hərbi qüvvələr göndərməsidir: "Venesuela məsələsi ABŞ-la Rusiya arasında dialoq mövzusudur. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi M.Pompeo ilə bir neçə dəfə Venesuela məsələsini müzakirə edib. ABŞ-ı Venesuelanın daxilində gərginliyi artırmamağa çağırıb. Rusiyanın Venesuelaya hərbi qüvvə göndərməsinə prezident Donald Tramp kəskin reaksiya verdi. Rusiyadan qoşunlarını təcili Venesueladan çıxarmağı tələb etdi. Donald Tramp qeyri-dövlətlərin Venesuelaya müdaxiləsinə imkan verməyəcəyini bildirdi. Tramp fikrini ultimatum formasında təqdim etdi ki, rus əsgərləri Venesuelanı tərk etməlidir, Rusiya oradan getməlidir və bütün variantlar açıqdır deməkdə D.Tramp başa saldı ki, hərbi əməliyyatlar da ola bilər". Politoloq deyib ki, Rusiyanın Venesuelada möhkəmlənməsi ABŞ üçün kifayət qədər ciddi problemlər yarada bilər: "Çünki Suriya nümunəsi göz qabağındadır. Rusiya Suriyaya daxil olduqdan sonra ABŞ-ın Suriyadakı proseslərdə monopol mövqeyinə demək olar ki, son qoyuldu. İndi Rusiya Suriya ərazisində möhkəmlənib, ABŞ isə Suriyanı tərk edən vəziyyətdədir. Amma Suriya ABŞ-dan məsafədə xeyli uzaqdadır. Venesuela isə ABŞ-ın qonşu dövlətidir, ABŞ-ın qonşuluğunda Rusiyanın yerləşməsi ABŞ üçün ciddi təhlükədir və Kubada hərbi bazalarını itirdikdən sonra indiki Rusiya üçün ABŞ-ın qonşuluğunda böyük baza yaratmaq çox vacib məsələdir. İş burasındadır ki, Rusiya özü bunu Venesueladan istəməyib. ABŞ prezidentlərinin, xüsusilə D.Trampın Venesuelanın başına açdıqları Venesuelanı Rusiyaya üz çevirməyə vadar etdi. İndi artıq Rusiya qoşunları Venesueladadır". Mübariz Əhmədoğlu deyib ki, ABŞ Qara dənizə NATO və öz hərbi gəmilərini göndərdi: "Qara dənizə daxil olan ABŞ gəmilərini Rusiyanın Qara Dəniz Donanmasının hərbi gəmiləri müşayiət edir. ABŞ təyyarələri Rusiyanın Kalininqrad və Leninqrad vilayətlərində kəşfiyyat xarakterli uçuşlar reallaşdırırlar. Hətta ABŞ-ın B-52 bombardmançı təyyarəsi də Rusiyanın sərhədləri üzərində uçub. ABŞ-ın əsas məqsədlərindən biri Rusiya qazının Avropaya daxil olmasına maneçilik törətmək siyasətini davam etdirməkdir. ABŞ-ın fikrincə, o müttəfiqlərinin Rusiya qazından asılı olmasına dözə bilməz". Politoloq onu da deyib ki, ay ərzində müşahidə edilən tendensiyalardan biri də o oldu ki, ABŞ yenidən sanksiyalarını genişləndirdi: "ABŞ səfirliyinin əməkdaşı Şeremetyevo aeroportuna mina keçirməyə cəhd etdi. Sonradan ABŞ bunun yoxlama xarakterli addım olduğunu bildirdi. Rusiya xarici işlər naziri S.Lavrov ABŞ-ın İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə hazırladığı variantı tənqid etdi. ABŞ-da bu variantı əsrin razılaşması adlandırsalar da Rusiyanın fikrincə bu variant fələstinlilər üçün qeyri-məqbuldur. Çünki dəyişikliklər şübhəlidir və münaqişələrin tənzimlənməsinin beynəlxalq aləmdə tanınmış prinsiplərinə ziddir". Mərkəz rəhbəri Türkiyənin Amerika və Rusiya ilə münasibətlərinə də nəzər salıb. Bildirib ki, Türkiyənin həm ABŞ-la, həm də Rusiya ilə münasibətləri geri dönməz halına gələ bilər: "Türkiyənin həm ABŞ-la münasibətinin zəifləməsi, həm də Rusiya ilə güclənməsi geri dönməz vəziyyət halına gələ bilər. ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edə bilər. Türkiyəli mütəxəssislərin hesablamalarına görə bu ildə Türkiyə üçün 63,7 milyon dollar ziyan deməkdir. Rəqəm elə də qorxulu deyil, amma siyasi yük ağırdır. Əsas səbəb Türkiyənin Rusiyadan S-400 almaqdan imtina etməməsidir. Buna görə Türkiyə hətta Amerikanın "Patriot"larından imtina etdi. Eləcə də Türkiyə ABŞ-ın F-35 qırıcı təyyarələrini almaqdan əlini üzüb. Amma Rusiya ilə əlaqələri gücləndirməkdə davam edir. Prezident R.T.Ərdoğanın dediyinə görə, hətta Türkiyə Rusiyadan S-500 də ala bilər. Türkiyə-Rusiya münasibətlərində dinamikanın güclülüyü xüsusi diqqəti çəkir və demək olar ki, Rusiya ilə Türkiyənin münasibətlərini stimullaşdıran əlavə parametrlərdə mövcuddur. Türkiyə ərazisində "Türk axını" layihəsinin quru və dəniz hissələri birləşdirildi. Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlimlər keçirir. Rusiya və Türkiyə hər ikisi Tel-Rifatda (Suriyada) ilk koordinə olunmuş patrullaşmanı reallaşdırdılar. Eyni zamanda Türkiyənin atdığı bəzi addımların Rusiya tərəfindən cavabsız qalması da mümkün deyil. Krımın Rusiyaya ilhaq edilməsini Türkiyə Krımın Rusiya tərəfindən işğalı kimi dəyərləndirir. Bu hadisənin 5 illiyi ərəfəsində Türkiyə mətbuatı, xüsusən də rəsmilərə yaxın mətbuatı məhz Krımın Rusiya tərəfindən işğalı kimi dəyərləndirdilər. İsraillə Türkiyə arasında gərginlik var. Həm Suriya ilə əlaqəli məsələlərdə İsrailin atdığı addım, eləcə də müqəddəs dağdakı məscidlərlə bağlı İsrailin apardığı dağıntılar R.T.Ərdoğan tərəfindən kəskin qiymətləndirildi. İsrailin Baş naziri B.Netanyahu da R.T.Ərdoğan haqqında xoş olmayan sözlər işlətdi və onu "kürdlərin soyrımında" günahlandırdı". Mübariz Əhmədoğlu hesab edir ki, Çin-Türkiyə münasibətlərində də gərginlik yaradan faktorlar azalmır: "Türkiyədəki uyğurlar Çindəki uyğurların taleyindən narahat olduqları üçün siyasi mübarizəyə başlayıblar. Çin bunu rəsmi Ankara tərəfindən təşkil olunmuş aksiya kimi qiymətləndirir. D.Trampın Colan təpələrini İsrailin ərazisi hesab etməklə bağlı qərarına ən kəskin reaksiyanı verən də yenə Türkiyə, onun prezidenti R.T.Ərdoğan oldu. Yeni Zelandiyada məsciddə terror hadisəsinin törədilməsinə də R.T.Ərdoğan kəskin reaksiya verdi. Yeni Zelandiyada məsciddə terror törədənlərin Türkiyədə olması, işlətdikləri silahın üstündəki ingilis, rus, gürcü, erməni dilində olan yazılar və Türkiyənin ünvanına yazılmış bəzi hədələr R.T.Ərdoğanın diqqətindən yayınmadı. R.T.Ərdoğan Aya Sofya məbədinin statusunu dəyişməyə qərar verdi. Məbəd bundan sonra məscidə çevrilə bilər. R.T.Ərdoğan İstanbulun Konstantinopola çevrilməsinə də imkan verməyəcəyini bildirdi".
Məhəmməd